Cəmiyyət
357
19:20, Bu gün

"Tunel qırğını": 33 ildən sonra hadisə yerində qan ağlayan xatirələr - FOTO

Erməni hərbçilərin XX əsrin 90-cı illərində azərbaycanlılara qarşı törətdikləri qanlı cinayətlərdən biri 1993-cü il martın 31-də Kəlbəcər rayonunun "Tunel" adlanan ərazisində törədilən qətliamdır. Rayon ərazisini işğal edərkən tunelin qarşısında pusqu quran erməni hərbçiləri həmin gün buradan keçərək, təhlükəsiz yerə getməyə çalışan dinc azərbaycanlıları gülləbaran edib, qadın, yaşlı, uşaq da daxil olmaqla, sakinləri qətlə yetiriblər. Sağ qalanlar isə girov götürülüb, uzun müddət dəhşətli işgəncələrə məruz qalıblar.

Moderator.az AZƏRTAC-a istinadən xəbər verir ki, 33 il əvvəl törədilən qırğının şahidləri, öldürülən şəxslərin yaxınları hadisə baş verən əraziyə gedərək qətlə yetirilən soydaşlarımızın xatirəsini anıb, ruhlarına dualar oxuyublar.

Hadisənin şahidi, Kəlbəcər rayonunun Günəşli kənd sakini Qoşqar Quluyev 33 il əvvəl baş verən dəhşəti xatırlayaraq deyir:

"1993-cü il martın 31-də kəndimizi tərk etməli olduq. Tuneli keçdikdən sonra meşədən, dağın döşündən bizi atəşə tutmağa başladılar. Qadınların, uşaqların qışqırtısından, ah-nalədən qulaq tutulurdu. Maşında olanlardan beş nəfəri orada öldü, qalanlar yaralandılar. Ermənilər bizi atəşə tutan vaxt 12 yaşlı Ramin Hüseynov özünü çaya atdı. O, çayboyu geri üzərək digər maşınların da gəlməsinin qarşısını aldı. Bizim avtomobil vurulan vaxt bizdən qabaqda bir "KamAZ"ı qumbaraatanla vurdular. Həmin "KamAZ"da 20-dən çox adam öldü. Həmin vaxt gələn "UAZ" markalı maşını da vurdular. Sağ qalanları, yaralıları girov götürdülər. Bizi əvvəlcə Xankəndiyə apardılar. Yaram sağalmamış məni Şuşa həbsxanasına apardılar. Orada bizi hər gün döyürdülər. Altı aydan sonra girovluqdan azad olundum".

Tunel qırğını: 33 ildən sonra hadisə yerində qan ağlayan xatirələr - FOTO

Hadisə şahidi Bəxtiyar Quliyev isə bildirir ki, həmin gün yaşananlar onların həyatında silinməz izlər buraxıb: "Biz 1993-cü il martın 31-də kəndimizi tərk etmək məcburiyyətində qaldıq. QAZ-52 markalı avtomobillə tuneli keçdikdən sonra pusquda dayanan erməni hərbçilər yüksəklikdən bizi atəşə tutmağa başladılar. Ölənlər, yaralananlar oldu. Bizim ailədən səkkiz nəfər idik. Hamımız yaralanmışdıq. Sağ qalanları bir maşına yığıb Heyvalı kəndi istiqamətində apardılar. Orada mənim qardaşım İslam aldığı güllə yarasından dünyasını dəyişdi. 11 yaşlı bacım Şahnaz isə bizi gülləbaran etdikləri maşında qalmışdı. Ondan indiyə qədər heç bir xəbər yoxdur. Heyvalıda bizi gecə saat 2-yə qədər zirzəmidə saxladılar, sonra Xankəndiyə apardılar. Yaralılar Xankəndidə qaldı, yaralanmayanlar isə Şuşa türməsinə aparıldılar. Yeddi ay girovluqda işgəncələrə məruz qalandan sonra azad ola bildik".

Otuz üç il əvvəl qanlı hadisənin baş verdiyi əraziyə gələnlər illər əvvəl burada yaşanan dəhşətli anları xatırlayır, itirdikləri doğmalarını yad edirlər. Hadisə şahidləri və yaxınlarını itirənlər üçün bu ziyarət həm ağır bir kədər, həm də təsəllidir. Çünki 1993-cü ilin martında "Tunel" faciəsi zamanı qətlə yetirilənlərin qisası 44 günlük Vətən müharibəsində alındı. Bu gün Kəlbəcər azaddır, rayonun hər yerində genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, bu torpaqlara həyat qayıdır. 33 il əvvəl faciə və qanlı hadisələrlə yadda qalan Azərbaycan tarixi bu gün Zəfər, quruculuq və Böyük Qayıdışla yenidən yazılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər