Bu məhsullar UCUZLAŞACAQ - Yağışdan sonra...
Cəmiyyət
266
13:15, Bu gün

Bu məhsullar UCUZLAŞACAQ - Yağışdan sonra...

İki gün yağan intensiv leysan yağışları gündəlik həyata müxtəlif təsirlərini göstərib. Yolların su altında qalması, nəqliyyatın hərəkətinin çətinləşməsi və bəzi infrastruktur problemləri narahatlıq yaratsa da, kənd təsərrüfatı üçün faydalı tərəfləri var. Çünki uzun müddətdir quraqlıq olub və əkin sahələrinə, məhsuldarlığa mənfi təsir edib.

Məlumdur ki, bitkilərin inkişafı üçün su əsas amillərdən biridir. Bitki hüceyrələrinin böyük hissəsi sudan ibarət olduğu üçün yağıntının az olması məhsulun zəif məhsuldarlığına səbəb olur. Bu baxımdan, iki gün aramsız yağan yağışlar torpağın nəmliyini artırıb, su ehtiyatlarını bərpa edib və əkin sahələri üçün daha əlverişli şərait yaradıb.

Mütəxəssislərə görə, xüsusilə payız aylarından başlayaraq yağıntıların artması kənd təsərrüfatında müsbət dəyişikliklərə yol aça bilər. Bu isə gələcəkdə məhsuldarlığın artmasına, nəticədə bazarlarda məhsul bolluğuna və qiymətlərin daha münasib olmasına səbəb ola bilər. Yəni hazırda bəzi çətinliklər yaratsa da, bu yağışlar ümumi mənzərədə kənd təsərrüfatı üçün ümidverici hesab olunur.

Naxçıvan Muxtar Respublikasının keçmiş kənd təsərrüfatı naziri və aqrar sahə üzrə ekspert Rəcəb Orucov Musavat.com-a bildirib ki, intensiv yağıntılar kənd təsərrüfatına müsbət təsir göstərir.

Onun sözlərinə görə, bir çox bölgələrdə, xüsusilə aran və yarımaran zonalarda suvarma suyuna tələbat hər zaman yüksək olur və bu baxımdan, təbii yağıntıların artması olduqca əhəmiyyətlidir:

“Bu cür yağışlar su ehtiyatlarının formalaşmasına, torpaqda nəmlik balansının bərpasına və əkin sahələrinin su təminatının yaxşılaşmasına xidmət edir”.

Ekspert qeyd edib ki, yağıntıların intensivliyi və dövrü kənd təsərrüfatı bitkilərinin inkişaf mərhələsi üçün uyğun hesab oluna bilər:

“Xüsusilə payızdan başlayaraq davam edən yağıntılar torpaqda kifayət qədər nəmlik yaradıb ki, bu da yazlıq və payızlıq əkinlər üçün əlverişli şərait formalaşdırır. Bu proses ən çox taxılçılıq sahəsində özünü göstərəcək. Çünki əkin dövriyyəsinin təxminən 60 faizindən çoxunu məhz taxıl bitkiləri – buğda və arpa təşkil edir. Bu səbəbdən yağıntıların artması həmin məhsulların məhsuldarlığının yüksəlməsinə ciddi təsir göstərə bilər”.

Rəcəb Orucov vurğulayıb ki, yağıntılar torpağın strukturuna da müsbət təsir edir. Belə ki, düzgün vaxtda düşən yağışlar şumlanmış sahələrdə nəmliyin qorunmasına, torpaq qatlarının daha yaxşı formalaşmasına və səpin üçün optimal şəraitin yaranmasına imkan verir.Bununla yanaşı, ekspertin fikrincə, bəzi hallarda artıq rütubət müəyyən texniki çətinliklər yarada bilər:

"Məsələn, əkin sahələrinə texnikanın daxil olması çətinləşə və ya bəzi aqrotexniki tədbirlərin vaxtında aparılması gecikə bilər. Laki bu kimi hallar lokal xarakter daşıyır və ümumi mənzərəyə ciddi mənfi təsir göstərmir.

Bu yağıntılar yalnız taxılçılıq üçün deyil, digər strateji kənd təsərrüfatı sahələri üçün də faydalıdır. Pambıqçılıq, yem bitkiləri, tərəvəzçilik və digər əkin növlərində torpaqda yaranan təbii nəmlik bitkilərin daha sağlam inkişafına şərait yaradır. Nəmlik balansının qorunması kök sisteminin möhkəmlənməsinə, bitkilərin qida maddələrini daha yaxşı mənimsəməsinə və nəticədə məhsulun keyfiyyətinin və həcminin artmasına səbəb olur”.

Ekspert əlavə edib ki, bəzi bölgələrdə güclü yağışlar tozlanma prosesinə müəyyən qədər təsir göstərə bilər, lakin bu təsirin ciddi və genişmiqyaslı olacağı gözlənilmir:

"Çünki əsas meyvəçilik zonaları nisbətən fərqli iqlim xüsusiyyətlərinə malikdir və bu sahədə risklər minimaldır. Digər tərəfdən, güclü leysanların şəhər və bəzi yaşayış məntəqələrində müvəqqəti problemlər – su basma halları, infrastruktur zədələnmələri kimi fəsadlar yaratdığı da istisna deyil. Lakin kənd təsərrüfatı baxımından bu yağıntılar ümumilikdə daha çox müsbət qiymətləndirilir.

Yağıntılar torpaqda kifayət qədər nəmlik ehtiyatı yaradaraq yaz mövsümündə aparılacaq bütün əkin və becərmə işləri üçün əlverişli zəmin formalaşdırır. Bu isə öz növbəsində məhsuldarlığın artmasına, bazarda məhsul bolluğunun yaranmasına və qiymətlərin daha sabit olmasına gətirib çıxara bilər. Hazırkı iqlim şəraiti kənd təsərrüfatının inkişafı üçün əlverişli perspektivlər vəd edir”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər