Bakıda iki əsrə yaxın yaşı olan yaşayış binası qəzalı vəziyyətə düşüb. Sözügedən binanın birinci mərtəbəsinin təməli 1858-ci ildə qoyulub, 1910-cu ildə isə növbəti iki mərtəbə inşa edilib.
Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət paytaxtın Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 159 ünvanında yerləşən üçmərtəbəli binadan gedir. Sakinlərin sözlərinə görə, bina illərdir qəzalı vəziyyətdədir. Onlar iddia edirlər ki, divarlar nəm çəkdiyindən mənzilləri təmir etmək belə mümkün deyil.
Məsələ ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, layihə təsdiq olunduqdan sonra, qanunvericiliyə əsasən, xüsusi mülkiyyətdə olan abidələrin bərpası balanssaxlayıcı və ya mülkiyyətçi tərəfindən həyata keçirilməlidir.
Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən (MKTB) isə binanın gələcək taleyi ilə bağlı müvafiq razılaşdırma işlərinin aparıldığı bildirilib.