Akif Nağı və İran: İranın Azərbaycana münasibəti Ermənistanı təxribata həvəsləndirirdi... (III HİSSƏ)
Cəmiyyət
2502
24 Mar 2026 | 11:05

Akif Nağı və İran: İranın Azərbaycana münasibəti Ermənistanı təxribata həvəsləndirirdi... (III HİSSƏ)

 
Bakıda ”Eurovision-2012" beynəlxalq tədbiri maneəsiz başa çatdıqdan sonra bir çox dövlətlərin aqressiyası daha gücləndi. Rusiya Azərbaycandakı sabitliyi pozmaq, daxili ixtişaşları dərinləşdirmək üçün 2012-ci ilin sentyabr ayının 28-də Moskvada təsis edilən “Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqı”nı yaratdı. ”Milyarderlər ittifaqı" kimi tanınan ÜATİ Azərbaycan hakimiyyətinə ciddi problemlər yarada bildi. Xüsusilə quruma sədrlik edən Abbas Abbasovla Söyün Sadıqovun sərt açıqlamaları, Rüstəm İbrahimbəyovun isə Bakıda müxalifətin əsas qüvvələrini Milli Şurada birləşdirərək prezidentliyə namizədliyinin irəli sürülməsi “Milyarderlər ittifaqı”na diqqəti daha da artırmışdı. Bu qurumda birləşənlərin ümumi 40 milyard dollara nəzarət etməsi barədə hesablamalar “Azərbaycanda hakimiyyəti ancaq pulla dəyişmək olar” iddiasını yenidən gündəmə gətirmişdi.
 
Ermənistan isə həmin il əvvəlki illərə nisbətdə daha da aqressivləşmişdi. İddialar isə qarşısıalınmaz dərəcəyə çıxmışdı. 
 
Düşmənlərimizin bolluğundan istfadə edən ermənilər cəbhə xəttində təxribatlar həyata keçirirdilər. 
 
Goranboy rayonunun Ballıqaya kəndi istiqamətində üç gün ermənilərlə atışma ara vermirdi. Bu ərazi cəbhənin Kəlbəcər rayonu istiqamətinə yaxın yerləşir. 2012-ci ilin avqustunda yerli sakinlərin mediaya verdikləri məlumatda deyilirdi ki, ermənilərin atəşkəsin pozulmasında göstərdikləri radikallığın səbəbi düşmənin nəzarətində olan bir neçə postun Azərbaycan ordusu tərəfindən alınmasıdır. 
 
Erməni tərəfinin xeyli itki verdiyi söylənilirdi. Ancaq Azərbaycan tərəfdən də yaralıların olduğu bildirilirdi.
 
Ermənilər özləri də anlayırdılar ki, siyasi arenada iflasa uğramış “artsax respublikası” layihəsi işə yaramır və bunun qisasını Azərbaycan əsgərlərindən çıxmağa çalışırdılar. Beləki, bundan bir ay əvvəl – 2012-ci il, iyulun 19-da qondarma Dağlıq Qarabağ Respublikasında keçirilən “prezident seçkiləri” ilə Ermənistan Azərbaycana növbəti dəfə meydan oxumağa başladı. Heç bir beynəlxalq təşkilat və ölkə tərəfindən tanınmasa da, prosesi xarici müşahidəçilər izlədi. Amma bu dəfə də qondarma respublika rəsmi şəkildə heç bir ölkə tərəfindən qəbul edilmədi. Çünki de-yure Azərbaycanın bir hissəsi hesab edilməsi və dünyanın əksər ölkələri tərəfindən tanınmaması səbəbindən seçkilər beynəlxalq dəstək almadı.
 
O dövrdə İrandan, Rusiyadan ağır zərbələrə məruz qalan Azərbaycana dost İsraillə bağlı məlumatlar da gəldi. İsrail nümayəndələri “qondarma seçki”də müşahidəçi olması güvənimizə bir ağır zərbə təsiri verdi. Azərbaycan hakimiyyətinin dost elan etdiyi, ölkəmizlə 1,6 mlrd dollarlıq silah müqaviləsi imzalayan bir ölkənin belə addımı başa düşülən deyildi. Əslində buna qədər də Israil vətəndaşlarının Dağlıq Qarabağa səfəri baş tutmuşdu. Amma biz cəmiyyət olaraq buna susmuşduq.
2012-ci ildə Azərbaycan demək olar ki, Türkiyə xaric bütün çevrə ölkələri tərəfindən təhdid edilirdi. Gürcüstanda isə azərbaycanlılar sıxışdırılırdı. Çünki, 2012-ci il Gürcüstanda hökumət dəyişikliyi (“Gürcü Arzusu”nun gəlişi) azərbaycanlıların Azərbaycana və Rusiyaya köçməsinə səbəb olurdu.
 
İranın Azərbaycana münasibətinin çözüm yolları - xalq diplomatiyası
 
Azərbaycana qarşı qonşuların münasibətini dəyişmək üçün qonşu dövlətlərin nüfuzlu şəxslərilə, elektoratla görüşmək tək rəsmi dövlət məmurlarının işi deyildi. Burada “xalq diplomatiyası” da mühüm rol oynayırdı.
 
Yeri gəlmişkən, “Xalq diplomatiyası” - bir ölkənin opponent ölkənin cəmiyyətinə onun vətəndaşları və ziyalıları vasitəsilə özünün siyasi, ideoloji istəkləri istiqamətində təsir etməsini nəzərdə tutan mərhələdir. Gifford Maloneyə görə, dövlətlərin öz toplumlarını və siyasətlərini təbliğ edə bilmələri üçün ilk növbədə qarşı ölkənin mədəniyyətini, tarixini, psixologiyasını və dilini bilmək lazımdır. “Xalq diplomatiyası” anlayışını ilk dəfə 1965-ci ildə Taft Universitetində "Fletcher School of Law and Diplomacy"nin dekanı Edmund Gullion işlədib.
 
Əvvvəlcə xatırladaq ki, 2012- ci ildə Bakıda ictimai - siyasi qurum kimi Qarabağ Azadlıq Təşkilatı (QAT) fəaliyyət göstərirdi. 1993-cu ildən fəaliyyət göstərən təşkilat  Qarabağ probleminin 20 il ərzində həll edilməməsi ilə bağlı iyun ayında etiraz aksiyası keçirdi. Təşkilatın üzvləri BMT-nin Azərbaycan nümayəndəliyi qarşısındakı aksiyada “Qarabağ!”, “Biz müharibə tələb edirik!”, “Həmsədrlərə inanmırıq!”, “Qarabağın azadlığı müharibədən keçir!”, “Xalq diplomatiyası dayandırılsın!”, “Məmurların Ermənistana səfərlərinə son qoyulsun!” şüarları səsləndirildi. Aksiyanın əsas tələbləri, ATƏT-in Minsk Qrupunun buraxılması, Ermənistanın işğalçı dövlət kimi tanınması və ona qarşı sanksiyaların tətbiq olunması, cəbhə xəttində Azərbaycan əsgərlərini qətlə yetirməkdə davam edən işğalçı Ermənistan rejiminə qarşı dərhal təsirli tədbirlərin görülməsi idi.
 
Əslində yarandığı gündən QAT-ın əsas məqsədi Qarabağın azadlığı və suverenliyi idi. Yerli mediaya verilən müsahibələrdə təşkilat Qarabağ münaqişəsinin həllini müharibədə olduğu deyirdi. Amma bütün dünya Ermənistanın işğalçı siyasətinə göz yumur və tərəflərin “sülh şəraitində” yaşamasını önə sürürdülər. İran isə “sülh” istəyənlərin içərisində birincilərdən hesab olunurdu. Hətta azərbaycanlıların sıx yaşadığı Ərdəbil əyalətində imam olan Seyid Həsən Amili Azərbaycanı yeri gəldi, gəlmədi tənqid və təhdid etməkdən çəkinmirdi. Eynən Təbriz imamı Müctəhid Şəbüstəri kimi...
 
Təbii ki, İranın belə nüfuzlu din adamları ilə Azərbaycan dövlət rəsmiləri deyil, xalq arasında yetişmiş nüfuzlu şəxslər görüşməli, məsələlərə aydınlıq gətirməli idi. Odur ki, 2013-cü ilin iyul ayında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının rəhbərlik etdiyi heyət İrana səfər etdilər. Səfərdə məqsəd bir müsəlman dövlətinin Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana dəstək olmasına çalışmaq idi. Bu səfərdən sonra mətbuat konfransı keçirən təşkilat rəhbərləri Təbriz və Ərdəbil şəhərlərində Qarabağ münaqişəsinin həllinə dair mühüm görüşlər keçirdiyini dedi: “Təbriz universitetinin rektoru Pərviz Ajidadan dəvət gəldi və biz 15 nəfərlik heyətlə ora səfər etdik. Səfər haqqında məlumatlar ictimaiyyətə çatdırıldı. Təbrizə çatdığımız vaxt bizə çox böyük ehtiram göstərildi. Mən düşünürəm ki, İranla Azərbaycanın əlaqələri daha da geniş olmalıdır. Həmin gün Qarabağ münaqişəsi ilə bağlı elmi-nəzəri konfransımız oldu. Daha sonra isə Təbrizdə beynəlxalq Qarabağ konfransı keçirdik. Bütün görüşlərimizdə bəyan etdik ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və İran bu məsələdə Azərbaycanın yanında olmalıdır. Bu məsələləri bütün görüşlərimizdə qaldırdıq. Görüşlərdə İranın Qarabağ münaqişəsinin həllində siyasi-mənəvi dəstəyini önə çəkmişik. İran tərəfi əminliklə ifadə edirdi ki, Qarabağ düşməndən azad edilməlidir və əmin olun ki, biz həmişə sizin yanınızda olacağıq. Biz oradakı görüşdən çox yaxşı təəssüratla qayıtdıq. Biz bu görüşləri davam etdirmək niyyətindəyik”. 
Heyətin Azərbaycana qarşı həddən artıq aqressiya sərgiləyən Amili ilə baş tutan görüşdə Qarabağ və onun azad olunması yolları müzakirə olundu: Amili görüş zamanı əvvəlkilərdən çox fərqli münasibət sərgilədi: ”İranın Azərbaycana qarşı mövqeyi həmişə dostluq, qardaşlıq və hörmət olub. Qarabağın azad olunması üçün hökumətlə xalq arasında əlaqələr mütləq gücləndirilməlidir". O, vurğulayır ki,  İran xalqı Qarabağın azad olunmasını arzulayır və Şuşa məscidində xütbə oxunacağı anı gözləyir.
 
Yeri gəlmişkən, görüşün sonunda QAT sədri Akif Nağı Qarabağ mövzusunda yazılmış bir neçə kitabı ayətullah Amiliyə hədiyyə etdi.
Təşkilatın sədri səfər zamanı deputatlarla, sadə azərbaycanlılarla, eləcə də din xadimləri, ictimai təşkilatlarla, veteranlarla görüşlər keçirdiklərini və hər yerdə xoş münasibətlə qarşılandıqlarını mediaya bidlirdi: “Bazarda, küçədə insanlarla görüşdük. Şəhidlərə münasibəti gördük. Ərdəbildə Şeyx Səfi kompleksinə getdik, ziyarət etdik. Təbriz meri ilə görüşdük. Görüşdüyümüz hər kəs Qarabağ məsələsində Azərbaycanın yanında olduqlarını, bu problemi öz problemləri kimi gördüklərini dedilər və birinci gündən istənilən köməyi göstərməyə hazır olduqlarını dedilər”
 
 Bu səmərəli görüşlərdən sonra qərara alındı ki, noyabrın 6-da Təbriz Universitetində beynəlxalq Qarabağ konfransı keçirilsin. Amma noyabrda gözlənilən konfrans olmadı. Çünki…
 
Ardı var... 
 
Əntiqə Rəşid,
Araşdırmaçı jurnalist
Link kopyalandı!
Son xəbərlər