Məlum olduğu kimi, dövlət idarəçiliyində institusional islahatların davam etdirilməsi, dövlət qulluğunda əməkhaqqı sisteminin daha optimal, sabit və effektiv modelə keçirilməsinə imkan yaratmaq məqsədilə ölkə başçısı tərəfindən yeni qanunvericilik aktları imzalanmışdır.
Deputat Zaur Şükürov dövlət idarəçiliyində həyata keçirilən son institusional islahatları dəyərləndirərək bildirib ki, ölkədə dövlət qulluğunda əməkhaqqı sisteminin yenilənməsi həm şəffaflığın, həm də ədalətli yanaşmanın təmin olunması baxımından mühüm mərhələdir.
Onun sözlərinə görə, dövlət başçısının imzaladığı yeni qanunvericilik aktları bu sahədə daha sabit və effektiv modelin formalaşmasına zəmin yaradır:
"Bu institusional islahatlar qeyd olunan sahələrdə əməyin ödənişi siteminin şəffaf və ədalətli şəkildə formalaşmasında mühüm addımdır."
Əvvəllər əmək haqlarına müxtəlif əlavələr tətbiq olunurdusa, hazırkı dəyişikliklər nəticəsində bu əlavələr vəzifə maaşına daxil edilir ki, bu da son nəticədə əməkhaqqının strukturunun sabitləşməsini, həmçinin dövlət qulluqçularının əməkhaqlarının daha stabil və proqnozlaşdırılan olmasını mümkün edəcək.
Qeyd olunanlarla yanaşı, yeni ödəniş modelinin tətbiq edilməsi əməkhaqlarının rəqabətliliyini və bu fəaliyyət sahəsinə marağı daha da artıracaq, habelə gənc və yeni dövlət qulluğuna qəbul olunan şəxslərin məvaciblərində ədalətli yanaşmanın tətbiqinə imkan verəcək. Belə ki, əvvəlki modeldə əməkhaqqının əhəmiyyətli hissəsi müxtəlif əlavələrdən formalaşdığı üçün, qeyd olunan kateqoriyaya aid işəgötürülənlərin maaşları nisbətən aşağı olurdu.Yeniliyin tətbiqi gənc və istedadlı mütəxəssislərin dövlət qulluğunda fəaliyyət göstərməsini stimullaşdırmaqla yanaşı, onların sosial müdafiəsinin gücləndirilməsinə imkan verəcəkdir.
Sadalananlarla yanaşı, bir məqama da diqqət yetirilməlidir ki, ölkəmizdə dövlət idarəetmə sistemində korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğunu nəzərə alaraq, əməkhaqqının artırılması korrupsiyaya qarşı mübarizə sahəsində mühüm preventiv tədbirlərdən biri olaraq qiymətləndirilməlidir.
Eyni zamanda, beynəlxalq təcrübələrə müraciət etsək, deyə bilərik ki, bir sıra ölkələrdə dövlət qulluqçularının əməkhaqqının artırılması korrupsiya hallarının azalması ilə müşayiət olunmaqla yanaşı, dövlət qulluqçularının fəaliyyətində şəffaflığın təmin edilməsinə, bu sahəyə peşəkar kadrların cəlb edilməsinə imkan verir. Bu xüsusda, Sinqapur, Estoniya, Latviya, Soveniya kimi ölkələri misal göstərmək olar.
Avropa Komissiyasının məlumatına əsasən, bir sıra Avropa ölkələrində dövlət sektorunda əməkhaqqı sistemləri çoxsaylı və mürəkkəb əməkhaqqı strukturlarını sadələşdirmək, vəzifələrin təsnifatına əsaslanan vahid əməkhaqqı modeli yaratmaq və dövlət idarəçiliyinin səmərəliyini artırmaq məqsədilə modernləşdirilib.
Qeyd olunanlar ümumiləşdirilərək, vurğulanmalıdır ki, tətbiq edilən yeni institusional islahat dövlət qulluğunda əməkhaqqı sisteminin daha optimal, sabit və effektiv modelə keçməsinə, dövlət qulluqçularının , o cümlədən gənc kadrların sosial müdafiəsinin təmin edilməsinə, dövlət qulluğu sahəsinə marağın artmasına imkan verəcək ki, bu da yeni əməkhaqqı modelinə keçidin xüsusi önəm kəsb etdiyini bir daha təsdiqləyir."