Azərbaycan Prezidenti İlham Əliyev dövlət sektorunda əmək haqlarının tənzimlənməsi ilə bağlı bir neçə fərman imzalayıb.
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Sənəd dövlət idarəçiliyində aparılan institusional islahatların davamlılığını, dövlət qulluğunda əməkhaqqı sisteminin daha təkmilləşdirilməsini və eləcə də optimal və balanslı şəkildə həyata keçirilməsini nəzərdə tutur.
Nəzərə çatdırıb ki, əmək haqqı sisteminin təkmilləşdirilməsində əsas məqsəd dövlət qurumlarında maaşların müəyyənləşdirilməsində vahid və sistemli yanaşmanı həyata keçirməkdir. Bu maaşların optmillaşdırılaraq artırılmasına səbəb olmaqla yanaşı, dövlət qurumlarında şəffaflığın daha da yüksəlməsinə və qərarların qəbulunda çevikliyin artmasına gətirib çıxaracaq. Eyni zamanda, dövlət qulluğuna ixtisaslı kadrların daha yaxından cəlb edilməsinə və məşğulluqda sektoral rəqabətin güclənməsinə də səbəb olacaq.
Son əmək haqqı artımları kimlərə şamil ediləcək?
V.Bayramovun sözlərinə görə, Azərbaycan Prezidenti tərəfindən imzalanan son sənədlər dövlət qulluqçularının, dövlət qulluğunun inzibati və yardımçı vəzifələrində çalışanların, dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin və eləcə də bir sıra digər dövlət qurumlarının əməkdaşlarının maaşlarına təsir göstərəcək:
"Bu onların əmək haqqlarında artımlar ilə müşahidə ediləcək".
Deputat qeyd edib ki, hazırda dövlət qulluqçuların sayı 27 min 360 nəfərdir. Onların 8283 nəfəri qadınlardır. Dövlət qulluqçularının ən çox çalışdığı 7-ci təsnifat üzrə inzibati vəzifələrdir: 12751 nəfər. Dövlət qulluğunun yardımçı vəzifələrində isə 6058 vətəndaşımız çalışır.
Dövlət qulluqçularının ən az çalışdığı təsnifat isə 4-cüdür. Bu təsnifat üzrə cəmi 1014 vətəndaşımız çalışır:
"Göründüyü kimi, əmək haqqlarının təkmilləşdirilməsi dövlət qulluğunda çalışan 27360 vətəndaşımıza şamil olunacaq. Bir sıra digər dövlət qurumlarında çalışanların da maaş sistemi təkmilləşdirildiyi üçün bu islahat daha çox vətəndaşımız əhatə edəcək".
Yeni sistemin üstünlüklərindən danışan V.Bayramov söyləyib ki, əlavələr və mükafatların ləğvi maaşlara vahid yanaşmaya imkan verəcək. Bu eyni zamanda ölkə üzrə orta aylıq əmək haqqı məbləğinə də təsirsiz ötüşməyəcək.
Digər tərəfdən, vahid əmək haqqı sistemi daha çox pensiya kapitalının toplanmasına da imkan verəcək.
Əmək haqqı sisteminin təkmilləşdirilməsi bank və maliyyə məhsullarına əlçatanlığı da artıracaq:
"Hazırda dövlət sektorunda çalışan vətəndaşlarımız sayı 861,4 min nəfərdir. Ölkə üzrə ən yüksək əmək haqqı mədənçıxarma sənayesindədir: 3787 manat. Ən aşağı maaş isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda qeydə alınıb. Bu sektorda əmək müqaviləsi ilə çalışan vətəndaşlarımızın orta aylıq əmək haqqısı 687 manatdır. Dövlət idarəetməsi, müdafiə və sosial təminatda çalışanların orta aylıq maaşı isə 1434 manatdır.
Dövlət Statistika Komitəsinin son məlumatına əsasən, dövlət qulluqçularının orta aylıq maaşı 1971 manatdır. Son islahatdan sonra bu məbləğdə xüsusi artımların olacağı gözlənilir. Bütövlükdə, Azərbaycan Prezidentinin imzaladığı son fərmanlar dövlət idarəetmə sistemində aparılan islahatların daha da dərinləşməsinə xidmət edəcək". /Milli.az/