Dövlət qulluqçularının əməyinin ödənilməsində inqilabi dönüş…
Cəmiyyət
248
09:58, Bu gün

Dövlət qulluqçularının əməyinin ödənilməsində inqilabi dönüş…

Dünən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlət qulluqçularının əməyinin ödənilməsi sahəsində əsaslı dəyişiklikləri nəzərdə tutan fərmanlar imzaladı. Prezident tərəfindən imzalanan yeni qanunvericilik aktları dövlət idarəçiliyində aparılan institusional islahatların davamı kimi, dövlət qulluğunda əməkhaqqı sisteminin dünya təcrübəsinə uyğun, daha sabit və effektiv modelə keçirilməsinə imkan yaradır.

Qəbul edilmiş qərarlar dövlət aparatının fəaliyyətinin səmərəliliyini, şəffaflığını təmin etməklə yanaşı, onun peşəkar səviyyədə təşkil olunmasına zəmin yaradacaqdır.

Bu fərmanlara qədər dövlət qulluqçusu kimi fəaliyyət göstərən şəxslərin əməkhaqlarının ödənilməsində mövcud olmuş sistemin əsas çatışmazlığı dövlət qulluqçularına ödənilən əməkhaqqının baza hissəsinin onun az bir payını təşkil etməsindən, qalan hissəsinin isə müxtəlif mükafatlardan və buna bənzər digər ödənişlərdən ibarət olması idi.

Bu isə öz növbəsində dövlət idarəetmə sistemində effektivliyin azalmasına gətirib çıxarır, gənc kadrların fəaliyyətinin stimullaşdırılmasına imkan vermir, ölkə daxilindəki ali təhsil müəssisələrində və həm də dövlətin maliyyə dəstəyi ilə xaricdə yüksək ali təhsil almış kadrların dövlət qulluqçusu kimi fəaliyyət göstərməsinin qarşısında müəyyən problemlər yaradırdı. Belə kadrlar fəaliyyət göstərdikləri dövlət qurumlarında əməkhaqqının ödənişindəki mövcud disproporsiyalar səbəbindən özəl sektorda fəaliyyət göstərməyə üstünlük verirdilər.

Bir dövlət müəssisəsində 4-5 il fəaliyyət göstərərək gənc kadr kimi yetişdirilmiş mütəxəssisin əməkhaqqı ödənişindəki bəlli uyğunsuzluqlar səbəbindən, əməkhaqqının yüksək olduğu özəl sektora üz tutması dövlət sektorunda ciddi kadr axınına səbəb olurdu. Bu isə illər ərzində dövlət qulluğunda yaxşı təcrübə yığmış və sanki bundan sonra dövlətə yetkin bir mütəxəssis kimi qulluq etməli olan gənc kadrın, yeni, daha az təcrübəli kadrla əvəz olunması ilə nəticələnirdi ki, nəticədə dövlət idarəçiliyinin effektivliyi aşağı düşürdü.

Dövlət qulluqçularına əməkhaqlarının ödənilməsində yaradılan yeni sistemdə əməkhaqqına indiyə qədər mükafatlar və onlara bərabər tutulan digər ödənişlər formasında edilən əlavələr əməkhaqqının baza hissəsinə daxil edilərək onun sabitliyini və effektivliyini təmin edəcəkdir.

Buna qədər əməkhaqqına mükafatlar və onlara bərabər tutulan digər ödənişlər formasında edilən əlavələr istənilən halda əməkhaqqının ödənilməsində sabit bir mənzərə yarada bilmirdi. Daha doğrusu, dövlət qulluqçularına ödənilən mükafatların azaldılması və ya tamamilə kəsilməsi istənilən halda mümkün idi və bu da öz növbəsində əməkhaqqının sabitliyini təhlükə altına alırdı.

Yeni qaydalarla həmin ödənişlərin əməkhaqqının baza hissəsinə daxil edilməsi əməkhaqqının baza hissəsinin 90-95%-ə qədər artırılmasını təmin edəcəkdir ki, bu da dövlət qulluğunda çalışanlara daha sabit əməkhaqqının verilməsini təmin edəcəkdir.

Dövlət qulluqçularına əməkhaqlarının ödənilməsi sahəsində tətbiq olunan yeni sistem daha peşəkar və bacarıqlı kadrların dövlət qulluğuna cəlb edilməsi üçün əsas şərtlərdən birinə çevriləcəkdir. Yeni sistemin tətbiqindən sonra təqaüd yaşına çatacaq dövlət qulluqçusunun təqaüdünün hesablanmasında da hər hansı bir tərəddüdlər ortaya çıxmayacaqdır. Çünki bundan sonra baza hissəsi sabit olan bir əməkhaqqı mövcud olacaqdır.

Fikrət Yusifov
İqtisad elmləri doktoru, professor

Link kopyalandı!
Son xəbərlər