Qədir Rüstəmovun xanımı Ağdama köçməsindən danışdı:
Cəmiyyət
194
15:22, Bu gün

Qədir Rüstəmovun xanımı Ağdama köçməsindən danışdı: "Məkkədən də müqəddəsdir"

“Ağdam işğaldan azad olunandan sonra orada bir dəfə olmuşam. Evimizin yerini çox çətinliklə tapdım. Çünki artıq evdən əsər-əlamət qalmamışdı, yalnız bir neçə daş yığını var idi”.

Bu sözləri Musavat.com-a açıqlamasında mərhum xanəndə Qədir Rüstəmovun həyat yoldaşı Fatma Rüstəmova deyib. O bildirib ki, Ağdamdakı evlərinin yerindən artıq magistral yol keçir:

“Orada böyük yol salınıb, artıq evimizin yeri qalmayıb. Təbii ki, mən Ağdama köçmək və orada Qədir Rüstəmovun adını daşıyan muzey yaratmaq istəyirəm. Yoldaşımın əşyalarını qoruyub saxlayıram – onların bir hissəsi evdə, digər hissəsi isə paytaxtdakı muzeydədir. İstərdim ki, hamısını Ağdamda yaradacağım muzeydə bir araya gətirim.

Ağdama köçmək fikrim qətidir və ev siyahısındayam. Hazırda Qədir Rüstəmov sağlığında prezident tərəfindən verilmiş evdə yaşayıram. Buna baxmayaraq, Ağdama qayıtmağı çox arzulayıram. Mən hələ də oranın qeydiyyatındayam.

İşğaldan əvvəl çoxlu antik əşyalarımız var idi. Onların hamısı Ağdamda qaldı. Biz hər şeyimizi orada qoyub çıxmışdıq. Qədir Rüstəmovun haqqıdır ki, onun adına Ağdamda bir muzey yaradılsın. Ora bizim ata-baba yurdumuzdur, doğma torpağımızdır. Bu şəhərdə dünyaya göz açmışıq. Mən Məkkədə də olmuşam, amma inanın, Ağdam mənim üçün Məkkədən də müqəddəsdir”.

Link kopyalandı!
Son xəbərlər