Qaradağ Rayon İcra Hakimiyyətində rayonun qəsəbə nümayəndələrinin kommunal xidmət sahələri və aidiyyəti qurum rəhbərlərinin iştirakı ilə operativ müşavirə keçirilib, yol verilmiş nöqsanlara görə məsul şəxslər barədə müvafiq tədbirlər görülüb.
Bu barədəModerator.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, təmizlik sahəsindəki çatışmazlıqlara görə Lökbatan qəsəbəsi üzrə nümayəndəliyin baş məsləhətçisi Hikmət Lətifova və Ələt qəsəbəsi üzrə nümayəndə Altay Əliyevə xəbərdarlıq edilib.
"Qanunsuz tikililərlə bağlı nöqsanlara görə isə Qızıldaş qəsəbəsi üzrə nümayəndə Ruslan Əkbərova və Puta qəsəbəsi üzrə nümayəndə Ayaz Dünyamalıyevə ciddi xəbərdarlıqlar olunub", - məlumatda vurğulanıb.
Həmçinin bildirilib ki, müşavirədə rayon ərazisində mövcud vəziyyət, o cümlədən təmizlik, abadlıq, tikinti və inzibati nəzarət sahələrindəki problemlər müzakirə olunub.
"Müşavirədə ölkə başçısı cənab İlham Əliyevin verdiyi tapşırığların icrasının RİH və onun qurumları tərəfindən yerlərdə tam şəkildə təmin olunmasının vacibliyi xüsusi vurğulanıb.
Toplantıda Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Anar Tağıyev və Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov iştirak ediblər. Çıxış edən Emil Abbasov rayonun bəzi qəsəbələrində mövcud olan nöqsanları diqqətə çatdıraraq, məsul şəxslərə ciddi xəbərdarlıqlar edib və qeyd olunan problemlərin ən qısa müddətdə aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Anar Tağıyev bildirib ki, paytaxtın ümumi inkişaf dinamikası müsbətdir, Bakı gündən-günə daha da abadlaşır və gözəlləşir. Lakin bununla yanaşı, Qaradağ rayonunun bəzi ərazilərində nöqsanlar mövcüddur və bütün bunlar ümumi mənzərəyə xələl gətirir.
İclas zamanı rayon ərazisində keçirilən monitorinqlər zamanı aşkar edilmiş problemlər konkret faktlarla təqdim olunub. Mövcud çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib, nəzarət mexanizmlərinin isə daha da gücləndiriləcəyi bildirilib.
Bundan əlavə rayon qəsəbələrində sanitar-təmizlik və qanunsuz tikililərlə bağlı məsələlər xüsusi müzakirə mövzusu olub və bu istiqamətdə ciddi tənqidlər səsləndirilib. Qeyd olunub ki, tikinti sahəsində qanunvericiliyin tələblərinə əməl olunmalı, özbaşına tikililərə qəti şəkildə son qoyulmalı və belə halların qarşısı operativ şəkildə alınmalıdır. Hər iki istiqamətdə nəzarətin daha da sərtləşdirilməsinin vacibliyi vurğulanıb.
Sonda tədbirlər planı qəbul edilib və verilən tapşırıqların icrasını nəzarətdə saxlanılması üçün məsul şəxslər təyin edilib. Öz növbələrində qəsəbə nümayəndələri nöqsanlarını qəbul edib, bu cür halların bir daha təkrarlanmayacağına və mövcüd qüsurların tezliklə aradan qaldırılacağına dair söz veriblər", - məlumatda qeyd olunub.