Mövlam Şixəliyevin pensiyası da kəsildi
Cəmiyyət
637
11:05, Bu gün

Mövlam Şixəliyevin pensiyası da kəsildi

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin hazırda həbsdə olan keçmiş rəisi Mövlam Şixəliyevə 2016-cı ildə təyin olunmuş general pensiyası kəsilib.
 
Moderator.az Gununsesi.info-ya istinadla xəbər verir ki, Mövlam Şixəliyev bununla razılaşmadığı üçün məhkəməyə müraciət edib.
 
Keçmiş rəisin pensiyasının kəsilməsinə səbəb isə onun "general-mayor" rütbəsindən məhrum edilməsidir.
 
Şixəliyev məhkəməyə müraciətində iddia edir ki, 2016-cı ildə ovaxtkı MTN-dən "general-mayor" rütbəsində ehtiyata buraxılanda ona ömürlük pensiya təyin olunub və ödənişi dayandırıla bilməz.
 
2021-ci ilin aprelində həbs olunan və 12 il azadlıqdan məhrum edilən Mövlam Şixəliyevin çoxsaylı mənzilləri, bağ evləri, torpaq sahələri də müsadirə olunmuşdu. 2023-cü ilin iyulunda Prezident İlham Əliyev Mövlam Şixəliyevin "general-mayor" ali hərbi rütbəsindən, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenindən, "Vətən uğrunda" və "Hərbi xidmətlərə görə" medallarından məhrum edilməsi barədə sərəncam imzalayıb.
 
Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qərarına əsasən, Mövlam Şixəliyevə 2016-cı ildən təyin edilmiş yaşa görə əmək pensiyası hərbi rütbədən məhrum edilməsi ilə əlaqədar dayandırılıb.
 
Mövlam Şixəliyev məhkəməyə şikayətində yazıb ki, ailəsində qazanc gətirən şəxs yoxdur və pensiyasının dayandırılması ilə əlaqədar çətin maddi durumda qalıb.
 
Məhkəmə Mövlam Şixəliyevin iddiasını təmin etməyib.
 
Link kopyalandı!
Son xəbərlər