Eynək haqqında məşhur mif: görməni həqiqətən zəiflədirmi? - Həkimlərdən açıqlama
Cəmiyyət
241
00:00, Bu gün

Eynək haqqında məşhur mif: görməni həqiqətən zəiflədirmi? - Həkimlərdən açıqlama

"Problem eynəkdə deyil - əsas məsələ gözün təbii dəyişmələridir..."
 
Cəmiyyətdə geniş yayılmış bir fikir var: guya eynək taxmağa başlayan kimi görmə daha sürətlə "oturur".
 
Moderator.az xəbər verir ki, bu barədə "Cleveland Clinic" jurnalı yazıb.
 
Lakin mütəxəssislər bunu açıq şəkildə mif adlandırır. Eynək gözləri zəiflətmir - o, sadəcə işığın gözə düşmə bucağını dəyişərək görüntünün tor qişada düzgün fokuslanmasına kömək edir və görmə sisteminin yükünü azaldır.
 
Əslində eynək aşağıdakı problemləri korreksiya edir: yaxını və uzağı pis görmə, bulanıq görüntü, oxuyarkən və ya yaxın məsafəyə fokuslanarkən çətinlik. Bu isə o deməkdir ki, gözlər "tənbəlləşmir", əksinə, daha az gərginliklə işləyir.
 
Görmə niyə zamanla dəyişir?
 
İnsanların çoxu eynəyi günahlandırsa da, görmənin zəifləməsi əsasən yaşla bağlı təbii prosesdir. Adətən 35-40 yaşdan sonra xırda yazıları oxumaqda çətinlik yaranır - bu, tibbdə presbiopiya adlanır.
 
Yaş artdıqca gözün daxili linzası elastikliyini itirir, göz yaşı ifrazı azalır və fokuslanma qabiliyyəti zəifləyir. Bu dəyişikliklər bəzən daha ciddi problemlərə də yol aça bilər, məsələn:
 
- katarakta - görmənin bulanıqlaşması
- qlaukoma - göz təzyiqinin artması
- Makula degenerasiyası - mərkəzi görmənin zəifləməsi.
 
Yəni reseptin dəyişməsi eynəyə görə deyil, orqanizmin təbii qocalma prosesi ilə bağlıdır.
 
Yanlış eynək və gizli risklər
 
Düzgün seçilməmiş eynək isə həqiqətən narahatlıq yarada bilər. Bu zaman insan aşağıdakı simptomlarla üzləşir:
 
- göz yorğunluğu və gərginlik
- baş ağrısı
- görüntünün təhrif olunması
- başgicəllənmə.
 
Yeni eynəyə keçəndə isə qısa adaptasiya dövrü normal sayılır - adətən 1-2 həftə çəkir. Əgər narahatlıq davam edərsə, mütləq oftalmoloqa müraciət etmək lazımdır.
 
Görməni qorumaq üçün nə etmək lazımdır?
 
Mütəxəssislər yalnız eynəyə güvənməyi deyil, ümumi göz sağlamlığına diqqət yetirməyi tövsiyə edir. Bunun üçün:
 
- Ekran qarşısında işləyərkən hər 20 dəqiqədən bir fasilə vermək ("20-20-20" qaydası)
- Uzun müddət kompüter istifadə edərkən mavi işıq filtrli eynəklərdən istifadə etmək
- Düzgün seçilmiş eynək və ya linza taxmaq
- Vitaminlərlə zəngin qidalanmaq (xüsusilə A, C və omega-3).
 
Nəticə sadədir: eynək görməni "oturtmur". Əksinə, o, gözlərin yükünü azaldır və daha aydın görməyə kömək edir. Görmədə baş verən dəyişikliklər isə, çox vaxt düşündüyümüzün əksinə olaraq, eynəkdən yox, zamanın özündən qaynaqlanır.
Link kopyalandı!
Son xəbərlər