Azərbaycanda daşınmaz əmlak reyestrinin qapalı saxlanılması 100 minlərlə vətəndaşın taleyinə birbaşa təsir edən sistemli problemə çevrilib. İnsanlar pul verib aldıqları, bəzən isə nəsildən-nəslə keçən evlərinə sahib olduqlarını sübut edə bilmirlər. Səbəb isə sadədir - reyestr qapalıdır, məlumat əlçatan deyil və nəticədə “kupça" problemi dərinləşdikcə dərinləşir.
Bu gün Azərbaycanda on minlərlə mənzil, fərdi ev, obyekt faktiki istifadə olunsa da, hüquqi baxımdan “yoxdur”. Yəni dövlətin rəsmi bazasında həmin əmlakın izi belə görünmür. Bu isə vətəndaşı hüquqsuz vəziyyətə salır – o, nə evini sata bilir, nə girov qoyub kredit götürə bilir, nə də hüquqi mübahisədə özünü tam müdafiə edə bilir.
Məsələ ilə bağlı Musavat.com-a açıqlama verən Əkrəm Həsənov açıq şəkildə bildirir ki, problemin kökü hüquqi boşluqlardan yox, maraqlardan qaynaqlanır. Onun fikrincə, daşınmaz əmlak reyestri açıq olsa, ölkədə illərlə yığılıb qalmış ciddi uyğunsuzluqlar üzə çıxacaq.
"Kimlərin hansı torpaqlara, hansı obyektlərə sahib olduğu, hansı əmlakların sənədsiz istifadə edildiyi bir anda görünəcək. Bu isə illərlə formalaşmış qeyri-rəsmi sistemə zərbə vura bilər. Məhz buna görə də reyestrin qapalı qalması bəzi dairələr üçün daha sərfəli sayılır", - deyə Əkrəm Həsənov bildirib.
Ən ağır problemlərdən biri vətəndaşlar arasında hüquqi bərabərliyin pozulmasıdır. Eyni vəziyyətdə olan iki vətəndaşdan biri məhkəmə yolu ilə çıxarış ala bilir, digəri isə illərlə süründürülür.
Əkrəm Həsənov deyir ki, praktikada tez-tez rast gəlinən hal vətəndaşların məhkəməyə yönləndirilməsidir: "Dövlət orqanı vətəndaşa deyir ki, get məhkəməyə müraciət elə, qərar al, "kupça" verək. Məhkəmə qərarı ilə proses “asanlaşır”. Bu isə faktiki olaraq sistemin özünün vətəndaşı dolayısı yola yönləndirməsi deməkdir".
Əkrəm Həsənov vurğulayıb ki, mülk sənədi olmayan əmlak iqtisadi dövriyyədə iştirak edə bilmir. Bu, vətəndaşın fərdi problemindən savayı milli iqtisadiyyat üçün də ciddi itkidir: "Banklar belə əmlakı girov kimi qəbul etmir. Sahibkar obyektini genişləndirə bilmir, dövlət tam vergi toplaya bilmir. Nəticədə ölkədə milyardlarla manatlıq əmlak “ölü kapital” kimi qalır. Kağız üzərində mövcud olmayan bu mülklər iqtisadi inkişafı ləngidir. Paradoksal vəziyyət ondan ibarətdir ki, bəzi evlərin sənədləri hələ çar Rusiyası və sovet dövründən qalmasına baxmayaraq, bu gün onlar rəsmi çıxarış ala bilmir. Bu isə mülkiyyət hüququnun davamlılığı prinsipinin kobud şəkildə pozulmasıdır. Yəni dövlət faktiki olaraq özü tərəfindən tanınmış köhnə sənədləri belə hüquqi əsas kimi qəbul etmir və vətəndaşı yenidən sübut yükü altında qoyur".
Əkrəm Həsənov hesab edir ki, problemin həlli üçün 2 əsas addım qaçılmazdır: "Dəfələrlə bu məsələni qaldırmışıq. Azərbaycan dövləti əmlak amnistiyası elan etməlidir.
Mövcud tikililərin böyük hissəsinə müəyyən keçid dövrü ilə hüquqi status verilməlidir. Bu, həm vətəndaşın problemini həll edər, həm də dövləti əlavə vergi mənbəyi ilə təmin edər. Hazırkı durumdan çıxış yollarından biri də açıq reyestr sistemidir.
Bütün əmlaklar vahid elektron xəritədə göstərilməli və hər kəs üçün əlçatan olmalıdır. Bu, həm şəffaflığı təmin edər, həm də korrupsiya imkanlarını minimuma endirər. Bu gün Azərbaycanda “kupça” problemi sadəcə bir sənəd məsələsi deyil. Bu, hüquqi dövlətin vəziyyətinin göstəricisidir. Reyestrin qapalı qalması isə bu problemin əsas səbəbi olaraq qalır. Vətəndaş öz evinə sahib olduğunu sübut edə bilmirsə, bu sistem böhranıdır. Şəffaflıq olmadan isə nə ədalət mümkündür, nə də inkişaf. Azərbaycan dövləti vətəndaşların bu problemini çözmək üçün qəti addımlar atmalıdır".
Xatırladaq ki, Prezident İlham Əliyev “kupça” problemini dəfələrlə gündəmə gətirib. O, 2019-cu ilin dekabrında çıxışında açıq şəkildə demişdi: “Kupça”sız evlərə görə insanlar əziyyət çəkirlər. Biz bu məsələnin həllində çox çevik olmalıyıq... Hər bir vətəndaşın əmlakı rəsmiləşdirilməlidir!”
Bu çıxışdan az sonra, 2020-ci il martın 4-də Prezident “Daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsi və sürətləndirilməsi haqqında” fərman imzaladı. Fərmana əsasən, qeyri-rəsmi tikililərin və torpaq sahələrinin sənədləşməsi üçün yeni mexanizmlər tətbiq edilməli idi. Amma...
Bu gün fərmanın icrasına dair real nəticələr hələ də hiss etdirilmir. Hələ də milyonlarla insan evində yaşayır, amma çıxarışı, yəni “kupça”sı yoxdur. Rəsmi hesablamalara görə, hazırda Azərbaycanda 1.2 milyondan çox yaşayış və qeyri-yaşayış sahəsi “kupça”sızdır.