Qatili intihara aparan yol...
Cəmiyyət
517
16:42, Bu gün

Qatili intihara aparan yol...

Yazının əvvəlini buradan oxuya bilərsiniz: //moderator.az/az/cemiyyet/966043/xeyanet-odlu-silahdan-tehlukelidir/
 
IV hissə
 
Sübh çağı idi.Saat təxminən 05:30 radələrində rəisin ev telefonuna zəng gəldi. Çox güman ki, növbətçi hissədəndir - düşüncəsi ilə rəis dəstəyi qaldırdı.
 
-Rəis, çox üzr istəyirəm ki, bu vaxt sizi narahat edirəm.
 
-Nə olub yenə, sözünü de.
 
-Rəis Həmdullah özünü asıb.
 
-Gic-gic danışma. Nə təhər asıb, harda asıb, ay ...?
 
-Yox ey rəis, səhərə yaxın ayaqyoluna  getmək üçün icazə istədi. Biz də izn verdik.
 
-Hara buraxdız?
 
-Müvəqqəti saxlama təcridxanasının ayaq yoluna. Bir neçə dəqiqədən sonra qapını döydük,ondan səs gəlmədi. Qapını açıb grödük ki, çuqun kanalizasiya  xəttindən şalvarını ilgək edib keçirdib boğazına ,asılı vəziyyətdə qalıb.
 
-Daş sənin başına,ay Feyruz, daş!
 
-Bəs müstəntiq gəlib heç olmasa ifadəsini aldımı, dindirdimi onu? Xeyir, Rəis. Dedi ki, tezdən  gələrəm.
 
-Allah sizə qənim olsun. Bütün işlərimizi, zəhmətimizi puç etdiniz. Nə yaxşı ki, mən onun 6 səhifədən ibarət izahatını öz dəsti-xətti ilə almışdım. Yoxsa biabır olardıq.
 
Rəis yenidən prokurorun evinə zəng etdi:
 
-Yoldaş prokuror, ölüm-ölümün dalınca gəlir.
 
-Yenə hadisə var?
 
-Qardaş qatili təcridxananın sanitar qovşağında şalvarını ilgək edib boğazına keçirdərək ayaq yolunun tavanından keçən kanalizasiya borusundan asıb.
 
-Vayyy,vay,vayyy! Bəs onu niyə nəzarətsiz buraxıblar? Bəs müstəntiq harda olub,heç olmasa onun ifadəsini ala bilibmı?
 
-Xeyr! Yılmaz müəllim! Adil deyib ki, tezdən gəlib dindirərəm.
 
-Amma, mən onun öz əli ilə yazdığı 6 səhifəlik izahatını almışdım.
 
-Yaxşı gəlirəm.
 
Hadisə yerinin müayinəsi prokurorun,rəisin, ekspertin, məhkəmə-tibbi ekspert-  həkiminin və kriminalistin iştirakı ilə aparıldı. Baş müstəntiq Adil Qədirov protokolu tərtib etdikcə prokurorun iradını ürək ağrısı ilə qəbul edirdi.
 
-Adil bu boyda səhlənkarlıq ola bilməz. Gördün, bizə necə baha başa gəldi ? Qatil olsa da, prosesual sənədlər hələ ki, bunu sübut etməkdə acizdir. Mazut gölündən silah da tapılmasa deməli, bir Həmdullah - əvvəllər ağır cinayətə görə məhkum olunmuş, dərisi bir qara qəpiyə dəyməyən bir nanəcib sənin kimi savadlı, peşəkar müstəntiqi və bizi doladı. Başa düşürsən bu nə deməkdir?
 
Adil dillənmirdi. Qəhərlənmişdi. Böyük əziyyətlə, yuxusuz keçirilən narahat gecələr hesabına əldə olunan sevinc acı təəssüfə çevrilmişdi.
 
Prokuror:
 
-Rəis, hadisə yerindəki, gölməçənin qurudulması üçün iş gedirmi?
 
-Bəli. Cinayət axtarış şöbəsinin rəisi,  əməliyyat üzrə müavinim, sizin müavininiz və idarənin ekspert-kriminalisti Vaqif oradadırlar. İcazə versəniz bir neçə dəqiqədən sonra mən də gedərdim.
 
-Bir yerdə gedərik.
 
Birdən: idarə düzlən, farağat!-komandası verildi. Rəis bayıra çıxdı. Nazir artıq idarədə idi.
 
Nazir:
 
-Rəis məruzə edin, nə baş verir? Rəis farağat dayanaraq sutka ərzində baş verən olaylardan başlamaq istəyirdi ki, Nazir sözünü kəsdi:
 
-Yox,bu hadisəni məruzə edin.
 
Rəis təfərrüatı ilə məruzə etdi. Və prokurorun da burda olmasını söyləyəndə
 
-Hanı prokuror?
 
-İçəridə, yoldaş general!
 
-Doğrusu sizin kimi peşəkar, nizam-intizamlı şəxsdən və təcrübəli rayon prokurorun nəzarət etdiyi bir yerdən belə bir təəssüf doğuran hadisənin olması bağışlanılası deyil. İnanmaq istəməzdim.Amma,nə edəsən,fakt faktlığında qalır.Ciddi araşdırma aparın, daxili təhqiqat obyektiv keçirilsin,görək harda səhlənkarlıq,naşılıq və seyrçi mövqe sərgilənib. Hər kəs öz cəzasını almalıdır. Heç olmasa qatil əməlini etiraf edibmi, dindirilibmi?
 
-Bəli, yoldaş general! Mən, şəxsən öz əli ilə yazdığı 6 səhifəlik izahatını almışam. Hər şeyi etiraf edib.
 
-Bəs,müstəntiq?
 
-Müstəntiq gələnə qədər artıq hadisə baş vermişdi.
 
-Yaxşı ki, sən izahatını almısan.Yoxsa, divara dirənərdik.
 
-Yaxşı,sizcə niyə intihara əl atıb?
 
-Yoldaş general?! Rüsvayçılıqdan qurtulmaq,valideyinlərinin üzünə necə baxacağını düşünərək bu addımı atıb. Çünki izahatını ağlaya-ağlaya yazırdı.“Necə uşaqlarının, yoldaşının üzünə baxacağını” tez-tez söyləyirdi. Digər tərəfdən, mərhum  Şəkidən gələn valideyinləri ilə bir neçə gün idi ki, burada idilər. Hər dəfə də yanımızda olurdular. Bizimlə yuxarı tonda danışardı: -  “atam-anam tələb edir, niyə qatili tapmırsız”-deyirdi. Nəhayət məlum oldu ki, qatil özüdür...
 Növbətçi hissənin əməliyyat növbətçisi əlini gicgahına qoyub nazirə sarı iri addımlarla yaxınlaşdı:
 
-Yoldaş nazir! icazə  verin məruzə edim.
 
-Buyurun.
 
-Yoldaş nazir,hadisə yerindəki,mazutlu gölün suyu qurudulub. Hadisənin törədilməsində ehtimal olunan alət,-maddi sübut,əşyayi-dəlil, “Makarov” markalı tapança hal şahidlərinin iştirakı ilə  götürülüb.
 
Əməliyyat növbətçisi milis mayoru Oruc Novruzov.
 
-Yaxşı.
 
Bu yaxşı xəbərdir. Sonra üzünü prokurora tutdu:
 
-Yoldaş prokuror, xahiş edirəm, hüquqi cəhətdən sənədləşmənin toplanmasına və aparılmasına nəzarət edin.Salamat qalın,-deyib idarəni tərk etdi.
Prokuror rəislə bir qədər məşvərət etdikdən sonra Həmdullahın valideyinləri ilə görüşmək qərarına gəldilər. Mərhumun ata və anası hadisədən xəbərsiz idilər,idarənin qabağında əyləşib Həmdullahı gözləyirdilər. Rəis onları kabinetinə dəvət etdi.
 
Prokuror mərhumun valideynlərinə əvvəlcə Həmdullahın qardaşı ilə bağlı olan münasibətindən bir az danışmasını xahiş etdi. Ata da, ana da Həmdullahın mərhum qardaşını daha çox qınadığını ,mərhumun hərəkətlərini qəbul edə bilmədiyini prokurora çatdırdı. Prokuror:
 
-Ona görə də oğlunuzu ,böyük oğlunuz Həmdullah  öldürüb. Elə məhz, onun və sizin sözünüzə baxmadığına görə.
 
- Necə yəni öldürüb? Yox, bu ola bilməz. Bu dərəcədə əzazil deyildi, Həmdullah. Belə iş tuta bilməzdi.
 
-Ağsaqqal, niyə tuta bilməzdi. Həmdullah əvvəllər də tapança ilə adam öldürməyə görə tutulmamışdımı?
 
-Bəli,olub.
 
-Bax, bu da ikinci hadisə.Həbsxana həyatı ona dərs olmadı. Özü öz xətti ilə hər şeyi yazıb. Oxuya bilirsizinizsə verim izahatını oxuyun.
 
-Yaxşı olar.
 
Kişi əlləri əsə-əsə eynəyini gözlərinə taxıb prokurorun verdiyi 6 səhifəlik izahatını axıra kimi oxudu.
 
-Bu arada əməliyyat növbətçisi Oruc Novruzov  yenə içəri daxil oldu:
 
-Rəis icazə verin məruzə edim.
 
-De görüm də. Qoymazsız beş dəqiqə söhbət edək. Hə nə olub yenə?
 
-Heç, rəis, salamatlıqdır və gülümsəyərək əlindəki kiçik kağız parçasını rəisə uzatdı. Mərhumun cibindən çıxdı. Rəis baxdı... Sonra ucadan oxudu. Prokurora xitabən:
 
-Həmdullah görünür ayaq yoluna getməzdən əvvəl bunu yazıb.
 
“Özümü asmağımda heç kimi qınamayın. Özüm bu yolu seçdim. Atamın,anamın üzünə  xəcalətimdən baxa bilməzdim.Məhkəməni gözləməyə səbrim çatmazdı. Ürəyim partlardı.Heyif qardaş qatili kimi yadda qaldım. Çox təəssüf edirəm.Yəqin ki,o dünyada qardaşımla görüşərəm”. Ayın tarixini də,qoymuşdu.
 
”Təcrübəli məhkumdur”,-rəis düşündü və Həmdullahın əli ilə yazdığı qeydini atasına uzatdı. O, da təkrar oxudu. Göz yaşları qırışlaşmış üzündəki saqqalını isladırdı... “Bunu da  Həmdullah yazıb, inandım. O, qardaş qatili olmağını boynuna alıb. Xəcalətdən qurtuldu. Mən sonsuz qaldım” - deyib üzünü prokurora tutdu:
 
-Sizdən razıyam. Bircə xahişim var:
 
-Həmdullah ilə gəlmişdim ki, qardaşının meyitini aparaq. İndi iki oğulun meyitini anası ilə aparmalı olacağam. Bilmirəm,Allah dəfnə qədər bizə səbr əta edəcəkmi? Sizdən kömək umuram...
 
Ata belini dikəldib ayağa qalxmaq istədi. Müvazinətini saxlaya bilməyib yıxıldı. Prokuror tez əlindən tutub dayaq olmaq istəsə də,yetirmədi.Xalçalı döşəmədə üzü üstə, hərəkətsiz qalmış atanı qaldırmaq mümkün olmadı.Prokuror əlindən tutub nəbzini yoxladı, qırıq-qırıq idi nəbzi.
 
-Tez həkim çağırın!
 
...Həkim gəlib atanın ürək döyüntüsünü ölçdü. 
 
 Rəisə baxıb köks ötürdü,gecdir,nəbzi vurmur,keçinib. Rəis fikrə daldı... “Doğrudan da ölüm gözlə qaş arasında olurmuş. Bir həftə ərzində dramatik günlər, narahat gecələr  yaşadıq.Qısa müddət ərzində qatil ilə,onun valideyinləri ilə sanki doğmalaşmışdıq. Dərdləri özümünküləşmişdi...Həyat belə olur,ancaq hamıya deyil,yalnız qədrini bilənlərə qucaq aşır... Yetər ki,insan olduğunu heç vaxt  unutmayasan! 
 
...Kaş biləydik ki,gecələrin rahatlığı çoxminli polis əməkdaşlarının narahat gecələri hesabına başa gəlir... 
 
SON
 
Qınamayın məni...
 
V hissə
 
Məni qınamayın:“Bəzən polisin ünvanına həqarətlər səslənir. Lakin polisin fəaliyyəti nə qədər şərəfli olsa da,bir o qədər də mürəkkəb xidmət sahəsidir. İbrət üçün bircə dəfə Bakının bir rayon polis şöbəsinin və ya idarəsinin cinayətkarlıqla mübarizənin vəziyyətinə dair yarımillik hesabatına baxmaq kifayətdir ki, polis əməkdaşlarının zəhməti anlaşılsın”...
 
Şəhərin ritmik həyatı heç kimə məhəl qoymadan davam edirdi.Xiyabanların  lampaları gecənin vicdanı kimi susqun yanırdı.Cinayət işi üzrə toplanmış materiallar bağlanmış,hökm də artıq qanuni qüvvəsini almışdı.Həqiqət isə toplanmış cinayət materiallarının qovluğunu yırtıb insanların iman və vicdanında məskən salmışdı...
Rəis pəncərə önündə durub düşüncülərə qapılmışdı...Ədalət bütün hallarda canlı bir orqanizm kimi yerində olmayanda əzab çəkir,aciz bir duruma  düşəndə alçalır.Onu daima uca tutmalı və qorumalı olan insanlara sanki səslənir:”Məni özəl maraqların yedəyində buraxıb getməyin,zəfərimə imkan yaradın,dayaq olun ki,Aləmlərin Rəbbi də qiyamət günündə sizlərə dayaq olsun!Mən olmasam,cəmiyyət də,dövlət də yazıq gündə olacaq...”
 
Rəis pəncərəyə söykənib  Hz.Haqqın hüzurunda hələ də xəyalların ağuşunda,sanki geniş bir auditoriya qarşısında mühazirə oxuyur,ictimaiyyətə hesabat verirdi:”Cinayət qanunvericiliyi cəza təhdidi altında təkcə ictimai münasibətlərə zidd olan əməlləri qadağan etmir,bir az da obrazlı ifadə etsəm hər birimiz üçün mənəvi bir sipərdir.Əgər o sipər,sədd zəifləsə cəmiyyətin hər bir üzvü zərər görər,xəsarətlərə məruz qalar.Polis,gərək heç vaxt,bir an belə, sərtliyini əldən verməsin,rezin “çomaq”  həmişə ətraf üçün “dur” deməyi bacarsın.Mərhəmətin dozası da gərək qəlibdən çıxmasın.Mərhəmət nəzarətsiz qalanda haqsızlığa açılacaq dəhlizin meydanı genişlənə bilər.Bu isə çox təhlükəlidir...Bəzən ədalət də aciz görünə və gecikə bilər,amma onun gecikməsi o demək deyil ki,dövlət təsisatlarının fəaliyyətində hardasa boşluqlar var.Aləmlərin Rəbbi dövlətə hər şeyi görmək və bilmək üçün bəndələrindən fərqli olaraq  geniş imkanlar və səlahiyyətlər bəxş edib....Polisin xidmətində narahat gecələr saysız və uzun olur.Belə gecələri bəzən yanan işıqlar gündüzə çevirə bilsə də,xidmət asan olmur.Ədalətsizliyə meyilli Adəm övladları mürgüləməsin,-deyə narahat gecələrin xidməti cəmiyyət və dövlətçilik üçün çox önəm kəsb edir...
 
Haqsıqlıqla mübarizədə polisə dəstək verməyənlər ,elə haqsızın tərəfində durmuş kimidir,-desəm qınamayın məni...  
  
Şəmsəddin Əliyev
Hüquqşünas-publisist, AYB-nin üzvü
2026-cı il
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər