Bizi sosial şəbəkələrdən izləyin:
Daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaşları maraqlandıran məsələlərdən biri də fərdi yaşayış evinin sənədləşdirilməsi ilə bağlıdır.
Bir çox vətəndaşı düşündürən suallardan biri də torpaq kateqoriyası ilə bağlı uyğunsuzluq aşkar edildikdə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxs (DƏDKR PHŞ) tərəfindən hansı prosedurun tətbiq edilməsi ilə bağlıdır.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, proses yerquruluşu sənədlərinin təhlili ilə araşdırılır.
Açıqlamada qeyd olunub ki, fərdi yaşayış evlərinə dövlət reyestrindən çıxarışın verilməsi məsələsinə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8-ci maddəsində və ya Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan sənədlər mövcud olduğu və müvafiq sənədlər vətəndaşlar tərəfindən ərizə ilə qeydiyyat orqanına təqdim edildiyi hallarda qanunamüvafiq qaydada baxılır:
"Fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün əsas şərtlərdən biri torpaq sahəsinin təyinatı üzrə (yaşayış kateqoriyalı məqsədli) istifadə edilməsidir. Daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyatı üçün vətəndaşlar tərəfindən təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə göstərilən torpaq kateqoriyası bəzi hallarda dövlət kadastrında əksini tapan torpaq kateqoriyasından fərqlənir. Belə olan halda dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası (məqsədli təyinatı) dövlət torpaq kadastrında saxlanılan məlumatlara uyğun gəlmədikdə araşdırılma aparılır. Uyğunsuzluqla bağlı araşdırma qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə həyata keçirilir. Araşdırmanın nəticəsinə əsasən təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınır və dövlət torpaq kadastrında müvafiq düzəlişlər edilir. Qeyd edək ki, araşdırma arxiv orqanlarından məlumatın alınması qaydasında deyil, yuxarıda qeyd edildiyi kimi, qeydiyyat orqanında mövcud olan yerquruluşu sənədlərinin təhlili yolu ilə həyata keçirilir".
Açıqlamada əlavə olunub ki, vətəndaşlar tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə, hüquqların qeydiyyata alınmasından imtina edilir:
"Qeyd edək ki, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Nazirlər Kabinetinin "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları"na əsasən həyata keçirilir".