Bizi sosial şəbəkələrdən izləyin:
Şeyxülislam Allahşükür Paşazadə Gürcüstan dini liderinin vəfatı ilə əlaqədar başsağlığı məktubu göndərib.
Moderator.az xəbər verir ki, Şeyxülislam məktubda Qafqazın müdrik ağsaqqalı - Zati-müqəddəsləri Ümumgürcüstan Katolikos-Patriarxı II İliya həzrətlərinin vəfatı xəbərini hədsiz kədər hissi ilə qarşıladığını ifadə edib.
"Qafqaz Müsəlmanları İdarəsi, Qafqaz Xalqları Ali Dini Şurası, bütün Qafqaz dindarları adından Gürcüstan xalqına, Gürcü Pravoslav Kilsəsinə dərin hüznlə başsaqlıqlarımızı ifadə edirik.
Azərbaycan və Gürcüstan xalqları arasında ənənəvi dostluq münasibətlərinin, dini-mənəvi əlaqələrinin dərinləşməsi, bölgədə sülh və anlaşma mühiti üçün böyük əməli səylər göstərmiş II İliya həzrətləri bütün Qafqaz dindarları üçün olduqca dəyərli din xadimi, sülhpərvər fəaliyyəti ilə nümunə olan dini lider idi. Milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün insanların qəlbində və yaddaşında Katolikos-Patriarx II İliya həzrətləri Uca Yaradanın buyurduğu müqəddəs amalların yorulmaz carçısı kimi qalacaqdır", - məktubda qeyd olunub.