TƏBİB bayramlarda gücləndirilmiş rejimdə işləyəcək
Cəmiyyət
257
14:37, Bu gün

TƏBİB bayramlarda gücləndirilmiş rejimdə işləyəcək

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin stansiyaları və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələri martın 20–27-də gücləndirilmiş iş rejimində işləyəcək.
 
Bu barədə Moderator.az-a TƏBİB-dən məlumat verilib.
 
Bildirilib ki, qeyri-iş günlərində xidməti nəzarətdə saxlamaq üçün məsul şəxslərdən ibarət növbətçilik yaradılacaq, həkim briqadalarının sayı xidməti ştata uyğun təşkil olunacaq.
 
Novruz bayramı ilə əlaqədar həm xarici ölkələrdən, həm də bölgələrdən xüsusilə Bakı şəhərinə gələn qonaqların sayında artım müşahidə olunduğu üçün təchizat və təminat buna uyğun təşkil olunacaq.
 
Bakı şəhərində 150 təcili tibbi yardım briqadası, 63 region üzrə isə 280-ə yaxın təcili tibbi yardım briqadası xidmətə hazır vəziyyətə gətirilib. Onlar tibbi ləvazimatlarla, eləcə də dərman preparatları və s. ilə tam təmin olunub.
 
Bayram günlərində xəstəxanaların qəbul-təcili yardım şöbələri, reanimasiya və intensiv terapiya bölmələri gücləndirilmiş növbətçilik sistemi əsasında fəaliyyət göstərəcək. Təxirəsalınmaz tibbi yardım çərçivəsində cərrahiyyə, travmatologiya, kardiologiya, nevrologiya, pediatriya, həmçinin mamalıq-ginekologiya üzrə ixtisaslı xidmətlərin fasiləsiz təşkili təmin olunacaq.
 
Eyni zamanda laborator və radioloji diaqnostika xidmətləri təcili müraciətlərin operativ qiymətləndirilməsi üçün hazır vəziyyətdə saxlanılacaq.
 
Bayram günlərində paytaxt əhalisinin regionlara səfərlərinin artması, kütləvi tədbirlərin təşkili, eləcə də yol-nəqliyyat hadisələrinin sayında mümkün artım nəzərə alınaraq, tibb müəssisələrində əlavə hazırlıq tədbirləri görülüb. Təcili tibbi yardım briqadalarının sayı artırılıb, regionlar üzrə koordinasiya gücləndirilib və ehtiyat tibbi resurslar hazır vəziyyətə gətirilib.
 
Həmçinin kütləvi tədbirlərin keçirildiyi ərazilərdə və intensiv hərəkət müşahidə olunan istiqamətlərdə operativ tibbi müdaxilə imkanlarının genişləndirilməsi üçün aidiyyəti qurumlarla birgə fəaliyyət təmin edilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər