Bizi sosial şəbəkələrdən izləyin:
“Elektron Təhlükəsizlik Xidməti tərəfindən rəqəmsal mühitdə zərərli fəaliyyətlərin aşkarlanması və qarşısının alınması məqsədilə sistemli monitorinq mexanizmləri tətbiq edilib. Nəticədə yalnız son 6 ay ərzində 1700-dən çox vahid zərərli kontent yayan internet resursu müəyyən edilərək məhdudlaşdırılıb, 184 “veb-defacement” və real “DDoS” hücumu faktı operativ şəkildə aşkarlanaraq zərərsizləşdirilib. Fərdi və korporativ məlumatların qorunması da xüsusi diqqət mərkəzində saxlanılır. Görülmüş tədbirlər nəticəsində 1,5 milyondan artıq informasiya sızıntısı faktı müəyyən edilərək müvafiq reaksiya tədbirləri həyata keçirilib”.
Moderator.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
O bildirib ki, nazirlik sözügedən məsələlərlə əlaqədar maarifləndirmə istiqamətində bir sıra ciddi işlər görüb:
“İnformasiya mübadiləsinin efektivliyini artırmaq məqsədilə vahid məlumat paylaşımı platforması istifadəyə verilib və bu vasitə ilə 20 mindən çox təhlükəsizlik indikatoru aidiyyəti qurumlarla paylaşılıb. Bundan əlavə, 16 mindən çox botnet yoluxması (xüsusi proqram təminatı vasitəsilə kənardan idarə olunan yoluxdurulmuş cihazlar şəbəkəsi) faktı aşkarlanıb və onların qarşısının alınması üçün zəruri tədbirlər görülüb. Maarifəndirmə istiqaməti də bu fəaliyyətin mühüm tərkib hissəsidir. SİMA tətbiqi üzərindən göndərilən xəbərdarlıq və məlumatlandırma mesajları 4 milyona yaxın vətəndaşı əha tə edib, “mygov” platforması vasitəsilə isə 2 milyondan çox vətəndaşa kibertəhlükəsizliklə bağlı məlumatlar çatdırılıb”.
R.Nəbiyev vurğulayıb ki, akademik istiqamətdə də sistemli fəaliyyət həyata keçirilir:
“Bu günədək “red” və “blue team”, yəni hücum və müdafiə istiqamətləri üzrə təlimləri təxminən 360 nəfər tamamlayıb və onların 86 faizi artıq müvafiq sahədə işlə təmin olunub. Bununla yanaşı, 120 mütəxəssis ixtisasartırma proqramlarında iştirak edib, 53 təşkilatda kibermaarifəndirmə təlimləri keçirilib, 7 minə yaxın şəxs kibergigiyena üzrə biliklərini artırıb. Təxminən 200-dən artıq rəhbər şəxs üçün ixtisaslaşmış təlim proqramları təşkil olunub. Kibertəhlükəsizlik yalnız texniki deyil, eyni zamanda, idarəetmə və strateji səviyyədə prioritet istiqamətdir. Akademik istiqamətdə də sistemli fəaliyyət həyata keçirilir. Ali və peşə təhsili müəssisələri ilə əməkdaşlıq çərçivəsində kibertəhlükəsizlik üzrə tədris proqramlarının beynəlxalq tələblərə uyğunlaşdırılması, tələbə və müəllim heyətinin qabaqcıl bilik və təcrübəyə çıxışının təmin edilməsi istiqamətində ardıcıl addımlar atılır. Nəticədə, 4 ali təhsil müəssisəsində 7 fərqli fənn üzrə tədris təşkil olunub, kibertəhlükəsizlik sahəsində 5 məhsulun hazırlanmasına dəstək göstərilib və 3 beynəlxalq yarışa hazırlıq proqramı uğurla həyata keçirilib”.