“Müəyyən təhlükələrdən uzaqlaşmaq üçün...” - Azərbaycanda süni yağış yağdırılacaq? - AÇIQLAMA+ÖZƏL
Cəmiyyət
482
11:05, Bu gün

“Müəyyən təhlükələrdən uzaqlaşmaq üçün...” - Azərbaycanda süni yağış yağdırılacaq? - AÇIQLAMA+ÖZƏL

Süni yağış texnologiyası əsasən quraqlıqla mübarizə aparmaq, su ehtiyatlarını artırmaq və meşə yanğınlarının qarşısını almaq üçün istifadə olunur. Bununla belə, texnologiya ətraf mühitə potensial təsirləri ilə bağlı müzakirələrə səbəb ola bilər. Buna görə də, onun tətbiqi diqqətli planlama tələb edir.

Süni yağış yağdırılması əsasən “bulud toxumlama” texnologiyası vasitəsilə həyata keçirilir. Bu üsul təbii buludların tərkibini dəyişərək yağışın yağıntıya çevrilməsini təmin edir. Süni yağışın yağdırılması üçün aşağıdakı əsas proseslər həyata keçirilir.

İlk növbədə, yağış əmələ gətirə biləcək kifayət qədər rütubətli buludlar seçilir. Bu prosesə uyğun hava şəraiti və buludların növü əhəmiyyətlidir. Seçilmiş buludlara gümüş yodid (AgI), quru buz (bərk karbon dioksid) və ya duz kristalları kimi kimyəvi maddələr səpilir. Bu maddələr, buludlarda su damcılarının birləşərək daha böyük damcılar əmələ gətirməsini təmin edir. Böyük damcılar isə cazibə qüvvəsi təsiri ilə yerə yağış şəklində düşür.

Bu maddələr xüsusi təyyarələr, dronlar və ya yerüstü raket qurğuları vasitəsilə buludlara çatdırılır. Maddələr buludların içərisində və ya üzərində yayılır, sonra proses təbii şəkildə davam edir. Maddələr buludlarda mikroskopik buz kristalları yaradır və bu kristallar buludun daxilindəki su buxarını ətrafına toplayaraq böyüyür. Nəticədə, yağış damcıları formalaşır və yerə düşür. 

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Şahvələd Əliyev Moderator.az-a açıqlamasında bildirib ki, bəzi üsullarla təbiətə təsir etmək mümkündür:

“Vaxtilə SSRİ dövründə təsərrüfatları, pambıq sahələrini qorumaq üçün buzları dağıdırdılar ki, dolu düşməsin, güclü yağışlar yağmasın. Amma süni yağışlara Azərbaycanda rast gəlməmişəm. Digər ölkələrdə əlbəttə ki, istifadə edirlər. Daha çox Dubaya süni yağış yağdırılır. Bu danılmazdır. Müəyyən təhlükələrdən uzaqlaşmaq üçün edirlər. Digər isti ölkələrdə də quraqlıq olanda, taxıl və bitkilər susuz qalanda süni yağışlar yağdırılır. Adicə açıq havada fəaliyyət göstərən restoranlarda buxar buraxan qurğulara tez-tez rast gəlirik. O da yağış kimi püskürür. Bu qurğu həm rütubətli mühit yaradır, həm də sərinlik gətirir. Mən özüm də bunun şahidi olmuşam. Restoranda bunu edirlərsə təbiətdə də bunu etmək mümkündür” deyə o bildirib.

Şahvələd Əliyev həmçinin onu da bildirib ki, ötən il mətbuata açıqlamada 2026-cı ildə süni yağış texnologiyasının ilk pilot layihəsinin həyata keçiriləcəyi haqda məlumatlar yer alıb:

“Eşitdiyimə görə layihə üçün ən uyğun ərazilər müəyyən ediləcək və sınaq işləri aparılacaq. 2027-ci ildə isə artıq tam miqyaslı ilk pilot layihənin icrası planlaşdırılır” deyə o bildirib.

Qeyd edək ki, süni yağış texnologiyası meteoroloji, hidroloji və mühəndislik parametrlərinin uyğunlaşdırılmasını tələb edən çətin bir sahədir. Pilot layihənin uğurlu olması üçün iqlim, torpaq, su ehtiyatları və ekoloji təsirlər kimi faktorlar diqqətlə qiymətləndirilməlidir.Bundan başqa, layihənin maliyyələşdirilməsi, lazımi texnoloji avadanlıqların təmin edilməsi və infrastruktura uyğunluq kimi məsələlər də əsas prioritetlər arasındadır. Bütün bu mərhələlər uğurla başa çatdıqdan sonra süni yağış texnologiyasının Azərbaycanda tətbiqinin daha genişləndirilməsi gözlənilir.

Link kopyalandı!
Son xəbərlər