BSU-da abituriyentlər üçün fürsət: maarifləndirici infoturlar başlayıb - FOTO
Cəmiyyət
204
16:25, Bu gün

BSU-da abituriyentlər üçün fürsət: maarifləndirici infoturlar başlayıb - FOTO

Martın 12-də Bakı Slavyan Universitetində (BSU) Nərimanov rayonu Məhəmmədhüseyn Şəhriyar adına 193 nömrəli tam orta məktəbin 10-11-ci sinif şagirdləri üçün universitet mühiti ilə yaxından tanış olmaları məqsədilə infotur təşkil olunub.

Bu barədə Moderator.az-a universitetdən məlumat verilib.

BSU-nun rektoru Anar Nağıyev çıxışında qeyd edib ki, BSU inklüziv təhsil prinsiplərini rəhbər tutaraq hər bir gəncin bilik və bacarıqlarını inkişaf etdirməsi üçün bərabər imkanlar yaradır. A.Nağıyev vurğulayıb ki, bu kimi görüşlər və infoturlar məktəblilərin universitet mühiti ilə yaxından tanış olmaları, onların maraq və ideyalarının dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Çıxışında “BSU-nun gənc dostu” layihəsinə toxunan rektor universitetin gənclərin təşəbbüslərini daim dəstəklədiyini və onların gələcəkdə seçdikləri sahədə uğurlu mütəxəssis kimi formalaşmalarına töhfə verməyi qarşısına məqsəd qoyduğunu bildirib. 

Rektor qeyd edib ki, hazırda BSU-nun Regionşünaslıq (Polşa üzrə) ixtisasında təhsil alan 25 tələbə Polşa Respublikasının müxtəlif universitetlərində mübadilə proqramlarında iştirak edirlər. A.Nağıyev bildirib ki, BSU beynəlxalq əməkdaşlıq əlaqələrini davamlı şəkildə genişləndirilərək bu istiqamətdə Polşa ilə yanaşı, Bolqarıstan, Albaniya və digər ölkələrin ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində yay məktəbləri və mübadilə proqramları təşkil olunur. 

Eyni zamanda rektor çıxışı zamanı qeyd edib ki, IELTS imtahanından 7 və daha yüksək bal toplayan tələbələr universitetdə “İngilis dili” fənnindən azad edilirlər.

Həmçinin BSU-nun rektoru A.Nağıyev bildirib ki, universitet tərəfindən təşkil olunan infoturlarda iştirak edən abituriyentlərdən 500 baldan yuxarı nəticə göstərərək BSU-ya qəbul olunanlara müxtəlif hədiyyələr təqdim olunacaq.

Tədbir çərçivəsində iştirakçılara BSU-nun yaranma tarixi, keçdiyi inkişaf yolu, fakültə və ixtisasları, universitetdə tədris olunan xarici dillər, eləcə də beynəlxalq əməkdaşlıq və tələbə mübadilə proqramları haqqında geniş məlumat verilib.

Infotur zamanı abituriyentlər universitetin tədris infrastrukturu ilə, o cümlədən əsas tədris binasında yerləşən Kitabxana-Öyrənmə Mərkəzi, müasir auditoriyalar, Yüksək təhsil mərkəzi, Müəllim inkişaf mərkəzi, Müasir dillərin öyrənmə və sertifikasiya mərkəzi, "LingAI Lab" otağı, Karyera inkişafı, əmək bazarı və məzunlarla iş şöbəsi, eyni zamanda Rektorluq otağı ilə tanış olublar.

Tədbirin davamında universitetin Akt zalında tələbə həyatı ilə bağlı təqdimat keçirilib. Təqdimat zamanı BSU haqqında videoçarx nümayiş olunub, Tələbə Gənclər Təşkilatının fəaliyyəti və tələbələr üçün yaradılan imkanlar barədə məlumat verilib. Eyni zamanda BSU-nun “Zəfər” yaradıcılıq qrupunun ifasında qısa musiqili proqram təqdim olunub.

Sonda abituriyentlərin sualları cavablandırılıb, qəbul qaydaları, təqaüd imkanları, tələbə həyatı və beynəlxalq proqramlar barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, universitetdə təşkil olunan infoturun növbəti günlərdə də davam etdirilməsi nəzərdə tutulur.

Link kopyalandı!
Son xəbərlər