Xalq şairi Cabir Novruzun doğum günüdür
Cəmiyyət
195
12:28, Bu gün

Xalq şairi Cabir Novruzun doğum günüdür

Martın 12-si Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Xalq şairi Cabir Novruzun doğum günüdür.
 
Moderator.az xatırladır ki, Cabir Novruz 1933-cü ildə Xızı rayonunun Upa kəndində anadan olub.
 
O, orta məktəbi bitirdikdən sonra Mirzə Ələkbər Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil alıb, daha sonra Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilib və 1957-ci ildə oranı bitirib.
 
Cabir Novruz 1958-ci ildə "Bakı" axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayıb.
 
1967-1970-ci illərdə "Azərbaycan" ədəbi-bədii jurnalının, 1991-1993-cü illərdə isə "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru vəzifələrində çalışıb.
 
1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi olub.
 
Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir.
 
Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şeirləri ilə oxucuların dərin məhəbbətini qazanıb.
 
Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı və vətəndaş ruhunun hakim olduğu poeziyası öz dilinin bədii gözəlliyi və rəvanlığı ilə seçilir. Sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanıb.
 
Vətənin taleyi üçün narahatlıq hissinin xas olduğu Cabir Novruz poeziyasının başlıca mövzuları azərbaycançılıq ideyaları ilə sıx bağlı olub. Şairin əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunub. Onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olub.
 
Cabir Novruzun ictimai fəaliyyəti də zəngin olub. O, həyatının bütün mərhələlərində Azərbaycanda gedən ictimai-siyasi proseslərdə fəal iştirakçılardan biri kimi xalqımızın həyatında baş verən taleyüklü hadisələrə düzgün qiymət verməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirib.
 
Şair 1979-cu il iyulun 30-da "Azərbaycan SSR Əməkdar incəsənət xadimi", 1999-cu il dekabrın 9-da "Azərbaycan Respublikasının Xalq şairi" fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülüb.
 
Cabir Novruz 1995-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilib.
 
O, 2002-ci il dekabrın 12-də 69 yaşında Bakı şəhərində vəfat edib.
Link kopyalandı!
Son xəbərlər