Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyinin təşəbbüsü ilə Xalq yazıçısı Elmira Axundovanın "Zərifə və Heydər Əliyevlər - Əbədiyaşar məhəbbət" ("Zarifa i Hejdar Alijev. Lyubav koja je dotakla vječnost") kitabı Sarayevoda boşnak dilində işıq üzü görüb.
Moderator.az xəbər verir ki, bu barədə AZƏRTAC-a səfirlikdən məlumat verilib. Bildirilib ki, bu nəşr son üç ildə səfirliyin ümummilli lider Heydər Əliyevin irsinin təbliği istiqamətində çap etdirdiyi ikinci mühüm kitabdır. Xatırladaq ki, ulu öndərin 100 illik yubileyi çərçivəsində 2023-cü ildə bosniyalı politoloq Admir Lisitsanın "Heydər Əliyev - müasir Azərbaycanın qurucusu: daxili imkanlar, xarici siyasət və iqtisadi inkişaf" adlı əsəri də oxuculara təqdim olunmuşdu.
Rus dilində qələmə alınan, son üç ildə Azərbaycan, qazax, özbək, Ukrayna dillərinə tərcümə olunaraq oxucular arasında geniş populyarlıq qazanan əsəri boşnak dilinə xanım Mayda Musiç tərcümə edib.
Heydər Əliyev haqqında bir sıra əsərlərin, o cümlədən çoxcildli "Şəxsiyyət və zaman" roman-epopeyasının müəllifi olan Elmira Axundovanın bu kitabı xalqımızın iki görkəmli şəxsiyyəti - 1993-2003-cü illərdə Azərbaycan Respublikasına rəhbərlik etmiş ulu öndər Heydər Əliyev haqqında bir sıra əsərlərin, o cümlədən çoxcildli "Şəxsiyyət və zaman" roman-epopeyasının müəllifi olan Elmira Axundovanın bu kitabı xalqımızın iki görkəmli şəxsiyyəti - 1993-2003-cü illərdə Azərbaycan Respublikasına rəhbərlik etmiş ulu öndər Heydər Əliyev və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 32 illik birgə həyatına həsr olunub. Müəllif xalqa və dövlətə xidmət kimi nəcib amala köklənən mənalı ömrün bütün mərhələlərinə işıq salmağa çalışıb. İlk tanışlıqdan tutmuş Zərifə xanımın vaxtsız vəfatına qədər birlikdə yaşadıqları həyatın biri-birindən zəngin və maraqlı illəri əsərin səhifələrində təkcə müəllifin təhkiyəsində deyil, Heydər Əliyevi və Zərifə xanımı yaxından tanıyan onlarla insanın xatirələri əsasında işıqlandırılıb. Əsərdə iki böyük şəxsiyyəti birləşdirən mənəvi tellər, onların həqiqi məhəbbətə və məqsəd birliyinə əsaslanan səmimi ailə münasibətləri, övladlarının tərbiyəsinə münasibət, ölkənin mədəni-mənəvi dirçəlişindəki böyük rolu, həyatları boyu üz-üzə gəldikləri, amma qarşılıqlı inam və məhəbbətin gücü ilə dəf etdikləri sınaqlar, çətinliklər haqda söz açılıb. Müəllif keçmiş Sovet İttifaqının rəhbərlərindən biri olan, Siyasi Büro üzvlüyünə yüksələn, çoxlarının sərt və prinsipial siyasətçi, dövlət adamı kimi tanıdığı Heydər Əliyevi yalnız iş kabinetində deyil, ev mühitində, yaxınları və doğmaları arasında göstərməyə, onun ailə üzvlərinə, yaxınlarına, mədəniyyət və sənət adamlarına, ümumən insanlara münasibətdə səmimilik, qayğıkeşlik, diqqətlilik kimi cəhətlərini təsvir etməyə daha çox üstünlük verib.
Vaxtilə əsəri Azərbaycan dilinə tərcümə edən ədəbiyyatşünas alim, səfir Vilayət Quliyev xarici işlər naziri kimi Heydər Əliyevlə dördillik iş təcrübəsi zəminində kitaba "Heç zaman bitməyən bir eşq hekayəsi" adlı maraqlı və təsirli sözardı yazıb.
Nəfis tərtibatla çap olunmuş kitabın Zərifə və Heydər Əliyevlərin birgə həyatının müxtəlif dövrlərini göz önündə canlandıran illüstrativ materiallar əlavə edilib.
Kitabın Bosniya və Herseqovina kitabxanalarına, dövlət qurumlarına, elmi-akademik təşkilatlarına və universitetlərinə, eləcə də boşnak dilinin anlaşıldığı Serbiya və Xorvatiyadakı səfirliklərimizə göndərilməsi nəzərdə tutulur.
Nəşrin əsas məqsədi Azərbaycanın müasir tarixini və görkəmli şəxsiyyətlərini Qərbi Balkan ictimaiyyətinə daha yaxından tanıtmaqdır.