MAPS kometası Günəşə çox yaxın məsafədən keçəcək
Cəmiyyət
251
12:05, Bu gün

MAPS kometası Günəşə çox yaxın məsafədən keçəcək

C/2026 A1 (MAPS) kometası yaxın günlərdə Günəşə çox yaxın məsafədən keçəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.
 
Verilən məlumata görə, kometa böyük ehtimalla 2026-cı il aprelin 4-də Günəşə düşərək parçalanacaq və ya tam buxarlanacaq.
 
Alimlərin hesablamalarına əsasən, MAPS kometası 1106-cı ilin məşhur Böyük Kometasının fraqmentlərindən biri ola bilər. 1106-cı ilin Böyük Kometası (Great Comet of 1106 -X/1106 C1) orta əsrlərdə müşahidə edilmiş ən parlaq kometalardan biri hesab olunur.
 
Kometa Günəşə yaxınlaşdıqca onun nüvəsindəki buz və digər uçucu maddələr sürətlə buxarlanır. Bu proses güclü qaz və toz axınları yaradır və nəticədə kometanın quyruğu sürətlə böyüyür. Günəşə çox yaxın məsafədə isə Günəş tacının son dərəcə yüksək temperaturu və güclü Günəş küləyi kometanın nüvəsini dağıda bilər. Astronomların fikrincə, nüvəsinin ölçüsü təxminən 2 km olan bu kometanın Günəşə çox yaxın məsafədən (750 000 km) keçdikdən sonra sağ qalması ehtimalı çox azdır.
 
Hazırda kometanın parlaqlığı təxminən +11.6 ulduz ölçüsü səviyyəsindədir və yalnız teleskoplarla müşahidə edilə bilir. Lakin hesablamalar göstərir ki, Günəşə yaxınlaşdıqca onun parlaqlığı sürətlə artacaq. Xüsusilə mart ayının son günlərində və aprel ayının ilk günlərində kometanın parlaqlığının kəskin şəkildə artması gözlənilir. Bu zaman kometanın quyruğu sürətlə böyüyəcək və bəzi hallarda kiçik teleskoplar və hətta binokllarla müşahidə edilə bilər. Kometanın parlaqlığının son günlərdə daha da artaraq adi gözlə görünməsi, hətta qısa müddət ərzində gündüz səmasında müşahidə olunması ehtimalı da istisna edilmir.
 
Kometanı müşahidə etmək üçün ən uyğun vaxt Günəş batdıqdan dərhal sonra, qərb istiqamətində təxminən 1-1.5 saat ərzində olacaq. Lakin Günəşə çox yaxın yerləşdiyinə görə onu müşahidə etmək çətin ola bilər.
 
Kometanın Günəşə son yaxınlaşma mərhələsi kosmik teleskoplar və Günəşi müşahidə edən xüsusi cihazlar (koronoqraflar) vasitəsilə də izlənəcək. Bu müşahidələr alimlərə kometaların quruluşu, Günəşə yaxın mühitdə onların davranışı və Günəş küləyinin təsiri haqqında yeni məlumatlar əldə etməyə imkan verəcək.
Link kopyalandı!
Son xəbərlər