8 martda gül mağazaları “od tutub yanır” - “1200 manata da buket var, xaricdən gəlir deyə qiymət bahadır”
Cəmiyyət
266
09:00, Bu gün

8 martda gül mağazaları “od tutub yanır” - “1200 manata da buket var, xaricdən gəlir deyə qiymət bahadır”

Heç kəs öz xanımını 8 martda hədiyyəsiz qoymaq istəmədiyindən bir neçə gün öncədən öz büdcəsini hesablayaraq düşünür ki, xanımına hansı hədiyyəni alsın. Bu dəfə də Bakının gül mağazaları öz ənənələrinə sadiq qalıblar.

Moderator.az əməkdaşı bayram günü mağazalardakı güllərin qiyməti ilə maraqlanıb.

Satıcılar saytımıza bildiriblər ki, 8 martda güllərin qiyməti yüksək tələbat səbəbindən artır. Belə ki, bir neçə gül mağazasından əldə etdiyimiz məlumata görə qırmızı qızılgüllərin bir ədədi 5-6 azn, tülpanlar və digər gül buketləri 25-80 azn, 10-15 qızılgüldən ibarət buketlər isə təxminən 40-70 manatdır. Tək qızılgüllər 5-6 AZN-dən başlayır, buketlərin qiyməti isə ölçüsünə görə daha yüksək olur. Bundan başqa pionlar və qartenzalar ən bahalı güllər sırasındadır. Dizayn və pion sayından asılı olaraq bu güllərin qiyməti 140-180, daha böyük buketlər isə 1200 azn civarındadır.

İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, güllərin qiymətinin baha olması onların xaricdən idxal xərclərinə görədir:

“Ölkəyə gül istehsalı adətən Ekvador, Türkiyə, Hollandiya kimi ölkələrdən gəlir. Təbii ki, idxal olunan məhsullar həm logistika xərclərinin yüksək olması, eyni zamanda soyuducularda saxlanılma şəraiti, gömrük rüsumlarına görə ölkəyə baha gəlib çıxır. Eyni zamanda da yerli gül parnikləri də var. Yaz-yay aylarında yerli təsərrüfatda güllərin yetişdirilməsi bir az ucuz olur. Çünki yerli parniklərdə əsas xərc qaz və elektrikdir. Soyuq aylarda daha çox qaz yandırılır və işıq sərfiyyatı olur. Ona görə də soyuq aylarda gülün maya dəyəri daha çox artmış olur, isti aylarda isə yerli istehsalın maya dəyəri ucuz olur. Gül biznesinə, gül yetişdirilməsində əsas xüsusiyyət onun uzunmüddət saxlanıla bilməməsi, tez xarab olması, sıradan çıxma riskinin yüksək olmasıdır. Gül biznesində bu cür risklər qiymətin baha olmasına gətirib çıxarır. Yerli gül növləri ilə idxal olunan güllərin qiymətləri arasında 20-50 faizə qədər qiymət fərqi yaranır. Yerli güllər ucuz olur, idxal gülləri daha uzunmüddətli saxlanılır və daha brend məhsul hesab olunur. Ona görə də baha qiymətə satıla bilir. Adətən müəyyən tədbirlər ərəfəsində, xüsusilə də bayramlarda gülə tələbat kəskin artır. Kəskin artma səbəbindən də qiymətlər yüksəlir. Həmin vaxtda gül satmaq istəyən, gül idxal edən sahibkarlar qısa müddət ərzində çox gül satmaqla yaxşı qazanc əldə edirlər” deyə ekspert bildirib.

Link kopyalandı!
Son xəbərlər