Bu gün Qənirə xanımın doğum günüdür - FOTO
Cəmiyyət
535
15:24, Bu gün

Bu gün Qənirə xanımın doğum günüdür - FOTO

Bu gün Qənirə xanımın doğum günüdür – 51 yaşı tamam olur.
 
Onu tanıyanların, sevənlərin, yol yoldaşı olmuş insanların qəlbində bu gün – bir təqvim tarixi olmaqdan irəli – anıların və vəfanın yenidən dilləndiyi gündür.
 
Qənirə xanım haqqında danışarkən insanın yaddaşı təkcə anılarla deyil, həm də ruhla danışmağa başlayır. Çünki o, bu dünyadan köçsə də, gördüyü işlər, insanlara xeyirxahlıqla toxunan əməlləri ilə sanki həyatın içində qalmaqda davam edir.
 
Bu gün Qənirə xanımın məzarı başında anılar bölüşüldü, duyğulu anlar yaşandı. Əlbəttə, mənim də çoxsaylı xatirələrim var; amma mən bu yazıda onunla birgə yaşadığımız hadisələrdən deyil, o, haqq dünyasına qovuşduqdan sonra yaşadığım və mənə xüsusi mənəvi işarə kimi görünən iki hadisədən söz açmaq istəyirəm.
 
Birincisi, onun vəfatından az sonra – “qırx”ı ərəfəsi gördüyüm yuxudur.
 
Qənirə xanım sağlığında könül dostları ilə birlikdə ata-ana qayğısından uzaq qalmış uşaqların bəsləndiyi bir uşaq evinə davamlı mənəvi dəstək göstərərdi. Onun vəfatından sonra biz – könül dostları həmin diqqət-qayğını davam etdirmək istədik. Dostlar sağ olsun – uşaq evinin kollektivi ilə danışdılar, uşaqların ehtiyacları öyrənildi, müəyyən vəsait toplandı, bəzi şeylər aldıq və sabah ziyarətə gediləcəyi razılaşdırıldı. Artıq hər şey hazır idi – uşaqlar da, müəllimlər də, tərbiyəçilər də Qənirə xanımın dostlarını gözləyirdi.
 
Bax, həmin gecə Qənirə xanım yuxuma gəldi. – Çox şad idi, çox işıqlı idi. Sanki həyatının ən gözəl çağında olduğu kimi…
 
Üzündə o tanış sevinc, o doğma təbəssüm vardı.
 
O yuxudan ayılanda mən bir şeyi çox aydın hiss etdim: xeyirxah əməllərin davam etməsi Qənirə xanımın ruhunu sevindirir. O, bu işlərin yaşamasına sevinirdi və həmin sevinc bir işarə kimi mənim yuxuma da gəlmişdi.
 
İkinci hadisə isə onun vəfatından sonrakı ilk doğum günü ilə bağlıdır.
 
Yenə könül dostlarının təşəbbüsü ilə “Sənət unutmur” adlı bir tədbir təşkil olunmuşdu. Dekorativ-tətbiqi sənət örnəklərinin və rəsm əsərlərinin sərgisi idi. Əslində, bu sərgi Qənirə xanımın ideyası əsasında formalaşmışdı, amma sağlığında onu həyata keçirmək qismət olmamışdı. Tədbirin aparıcısı da mən idim.
 
O gün çox gözəl bir atmosfer vardı. Sənət əsərləri danışırdı, insanlar xatirələr söyləyirdi, yaddaşlar susmurdu... Bir daha gördük ki, doğrudan da sənət unutmur...
 
Həmin gecə Qənirə xanım yenə yuxuma gəldi.
 
Yenə çox xoş ovqatda idi.
 
Sanki “yaxşılıq yaşayır, xeyirxahlıq yaşayır” deyir kimiydi.
 
Bir daha agah oldum ki, insan bu dünyadan köçə bilər, amma gördüyü işlər köçmür. Xeyirxah gedir, xeyirxahlıq qalır. Yaxşı əməllər yaşayır və həmin əməllər bəzən alxış kimi, bəzən anı kimi, bəzən də yuxu kimi insanın qarşısına çıxır...
 
Qənirə xanım bu dünyada gördüyü işləri böyük ürəklə görmüşdü.
 
Və bu gün o işlərin davam etməsi onun ruhunu sevindirir.
 
Onun həyat fəlsəfəsi, əslində, çox sadə idi:
 
insanlara fayda vermək, ümid olmaq, xeyirxahlığı yaşatmaq və yaymaq.
 
“Ölüm sevinməsin qoy, ömrünü vermir bada
 
El qədrini canından daha əziz bilənlər.
 
Şirin bir xatirətək qalacaqdır dünyada
 
Sevərək yaşayanlar, sevilərək ölənlər”… 
 
– Səməd Vurğun Üzeyir bəy Hacıbəyli haqq dünyasına uğurlanarkən belə yazmışdı… – Həmin şeir Qənirə xanımın diləzbəriydi. 
 
Ruhu şad olsun!
 
Qardaş sevgi-sayğısı ilə,
 
Əkbər QOŞALI
Link kopyalandı!
Son xəbərlər