“Əhməd Cavadın adını daşımaq, onun adını daşıyan varisi olmaq mənim üçün çox böyük qürur və şərəfdir. Həmişə çalışmışam ki, bu adı mən doğruldum və bacardığım qədər ən yüksək zirvələrdən səsləndirim. Bu gün çox qüruredici bir haldır ki, azad olunmuş torpaqlarımızda Əhməd Cavadın sözlərini yazdığı himnimiz səsləndirilir”.
Bunu Moderator.az-a açıqlamasında Əhməd Cavadın nəticəsi Cavad Axundzadə deyib.
O daha sonra ulu nənəsi Şükriyyə xanımdan danışıb:
“Bildiyiniz kimi Şükriyyə xanımın sürgün həyatı Akmola vilayətinin Aljir düşərgəsində olub. Stalinin qanlı terror dövründə Sovet hökümətinin xalq düşmənləri adlandırdığı şəxslərin həyat yoldaşlarını məhz o düşərgəyə yollayırdılar. Şükriyyə xanım da çox təəssüf ki, orada ağır günlərini keçirmişdi. Qazaxıstanın Akmola vilayətinin Aljır düşərgəsinin ərazisində muzey yaradılıb. Bu repressiya qurbanlarının muzeyidir. Bir guşə Şükriyyə xanıma həsr olunub. O muzeyin rəhbəri mənimlə əlaqə saxlayıb və mən də onların dəvətlərini qəbul etmişəm. Şükriyyə xanımla bağlı “Trt” kanalı sənədli film ərsəyə gətirəcək və bəzi çəkilişlər Tbilisidə, Bakıda, Şəmkirdə və Qazaxıstanın Akmola vilayətində baş tutacaq. Gürcüstanda çəkilişlərin olmasına səbəb isə Şükriyyə xanımın Acarıstanın knyaz nəslinin nümayəndəsi olmasıdır” deyə nəticəsi bildirib.
O daha sonra nənəsi ilə bağlı xatirələrini bizimlə bölüşüb:
“Mənə Cavad adını məhz Şükriyyə xanım verib. Çünki Əhməd Cavadın adını vermək ixtiyarı məhz Şükriyyə xanımda idi. Mən 13 yaşıma qədər Şükriyyə xanımla yaşamışam. Şükriyyə xanım mənə, mənim valideynlərimə acı taleyini danışırdı. Burada həm xoş, həm də ağır xatirələr var idi. Bilirsiniz ki, Əhməd Cavadla Şükriyyə xanım sevgisi haqda bir dastan yazmaq olar. 5 mərtəbə ərazisində şahmar klubunun binası var idi. Şükriyyə xanım o binada yaşayırdı. Həmin qonşuların əksəriyyəti repressiya həyatı yaşayan şəxslər idi. Şükriyyə xanım məni götürüb qonşuları ziyarət edirdi. Bəzi qonşular gəlib Şükriyyə nənəmi evdə ziyarət edirdi. Daha sonra böyüdükcə bilirdim ki, mövzu nədən gedir. O acı həqiqətləri orijinal olaraq Şükriyyə xanımın özündən eşitmişəm” deyə Cavad Axundzadə bildirib.