General Əliağa Şıxlınskinin anadan olmasının 161-ci ildönümü ilə bağlı tədbir keçirilib
Cəmiyyət
264
15:04, Bu gün

General Əliağa Şıxlınskinin anadan olmasının 161-ci ildönümü ilə bağlı tədbir keçirilib

5 mart 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Hərb tariximizdən səhifələr” mövzusuna həsr olunmuş tədbir keçirilib. General Əliağa Şıxlınskinin anadan olmasının 161-ci ildönümü münasibətilə keçirilən tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və Respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Əliağa Şıxlınskiyə həsr edilən səndəli film nümayiş olunub.

Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Əliağa Şıxlınski və onun irsi ilə bağlı maraqlı fikirlər səsləndirib, gənclərin milli hərb tariximizi dərindən mənimsəməsinin vacibliyinə toxunub:

“Əliağa Şıxlınski yalnız Azərbaycan deyil, dünya hərb tarixinin ən görkəmli simalarından biri, xalqımızın milli iftixar mənbəyidir. Ömrünü hərb sənətinə, onun inkişafına həsr edən Əliağa Şıxlınski dünya hərbinə mühüm yeniliklər gətirib, hələ öz dönəmində “Artilleriyanın allahı” adlandırılıb. Təkcə bir faktı qeyd edim ki, Şıxlınskinin hərbə, xüsusilə də artilleriyya gətirdiyi yeniliklər Fransa, Almaniya və digər Qərb ölkələrində bu gün də tədris edilməkdədir.

1904-1905-ci illərin rus-yapon müharibəsinin qəhrəmanı hesab edilən Şıxlınski, Birinci Dünya Müharibəsində də böyük igidliklər göstərib, topçu hissələrinə bacarıqla rəhbərlik edib.

Əliağa Şıxlınskinin xalqımız qarşısındakı çoxsaylı xidmətlərindən biri də onun 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti ordusunun formalaşmasından yaxından iştirak etməsi, Silahlı Qüvvələrin rəhbərliyində təmsil olunması ilə bağlıdır. Görkəmli general Azərbaycan Xalq Cümhuriyyətinin müdafiəsinə böyük töhfələr verib, gənclərimizin hərb sənətinə marağının artırılmasında, onların bu peşəyə gəlişində mühüm rol oynayıb.

Bu baxımdan, Əliağa Şıxlınskinin hərbi irsinin, həyat və döyüş yolunun gənclərimiz tərəfindən öyrənilməsi, dərindən mənimsənilməsi vacibdir.

Xatırladım ki, həm Prezident İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyeva gənclərə müraciətində milli tariximizin öyrənilməsinin vacibliyinə toxunub, bunu milli-mənəvi dəyərlərimizin bir parçası kimi xarakterizə edib. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, gələcək təhülkəsizliyimiz və inkişafımız üçün milli tarixinə, soykökünə bağlı vətənpərvər gəncliyin yetişdirilməsi vacibdir və bu məsələ hər zaman diqqət mərkəzində saxlanılmalıdır. Bu baxımdan, Əliağa Şıxlınskinin həyatının, döyüş yolunun öyrənilməsi mühüm əhəmiyyətə malikdir və gənc nəsil bu böyük vətənpərvərlik məktəbinə daim müraciət etməli, ondan mütəmadi şəkildə faydalanmalıdır”.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının əməkdar müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent, Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova Əliağa Şıxlınskinin həyat və döyüş yolu haqqında ətraflı çıxış edib. Əliağa Şıxlınskinin həm komandan, həm nəzəriyyəçi, həm də pedaqoq kimi çoxşaxəli fəaliyyətlə məşğul olduğunu bildirən Firdovsiyyə Əhmədova, onun Cümhuriyyətin müdafiəsindəki xidmətlərinin də əvəzsiz olduğunu vurğulayıb.

Tədbirdə çıxış ehtiyatda olan polis polkovniki Sadir Məmmədov da Əliağa Şıxlınskinin dünya hərb tarixindəki roluna toxunub, Azərbaycan Silahlı Qüvvələrində xidmət edən hərbçilərin öz sələflərinin irsini layiqincə davam etdirdiyini bildirib.

Tədbirin sonunda xatirə şəkli çəkilib.

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər