Dron hücumunda yaralananların adları - Açıqlandı
Cəmiyyət
273
14:55, Bu gün

Dron hücumunda yaralananların adları - Açıqlandı

Dron hücumları nəticəsində Naxçıvan Hava Limanında xəsarət alan şəxslər Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Yaralılara zəruri tibbi yardım göstərilir və onların vəziyyəti həkim nəzarətindədir.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Babək rayon Nəhrəm qəsəbə sakini 1998-ci il təvəllüdlü Əsəd Cəfərov hava limanında əmək fəaliyyəti zamanı partlayış dalğasının təsiri nəticəsində qapalı kəllə-beyin travması və barotravma alıb. Bununla əlaqədar onda eşitmə qabiliyyəti ilə bağlı müəyyən problemlər müşahidə olunub. Zərərçəkənə ilkin tibbi yardım göstərilib, hazırda vəziyyətinin qiymətləndirilməsi məqsədilə tibbi müayinələr aparılır.

Culfa rayon sakini 1996-cı il təvəllüdlü Mehdi Əsgərov da hadisə zamanı xəsarət alıb. Onun çiyin nahiyəsində yaralanma qeydə alınıb. Yaralıya tibbi müdaxilə olunub və zəruri müalicə tədbirləri görülüb. Hazırda müalicəsi davam etdirilir.

Naxçıvan şəhər sakini 1986-cı il təvəllüdlü Reyhanə Vəliyeva partlayış dalğasının təsiri nəticəsində qapalı kəllə-beyin travması və barotravma alıb. Hazırda onun müalicəsi davam etdirilir.

Naxçıvan şəhər sakini 1996-cı il təvəllüdlü Zülfüqar Zülfüqarlı isə partlayış nəticəsində döş qəfəsinin arxa səthinin küt travması alıb. Ona tibbi yardım göstərilib və müalicəsi davam etdirilir.

Həkimlərin verdiyi məlumata əsasən, yaralıların vəziyyəti stabildir, həyati təhlükə yoxdur. Səhiyyə müəssisələri tərəfindən zəruri tibbi tədbirlər görülür və xəstələrin vəziyyəti nəzarətdə saxlanılır.

Nazirlik ictimaiyyətə yalnız rəsmi mənbələrdən yayılan məlumatlara etibar etməyi tövsiyə edir. 

Link kopyalandı!
Son xəbərlər