“İçərişəhər”in sektor müdiri hərbi xidmətdən necə yayınıb?
Cəmiyyət
351
15:00, Bu gün

“İçərişəhər”in sektor müdiri hərbi xidmətdən necə yayınıb?

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəqəmsallaşdırma sektorunun müdiri Rəsul Çopurovun 2025-ci ildə işdən çıxarılması, qısa müddət sonra yenidən işə qayıtması müəyyən şübhələrə yol açıb.
 
Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, bu addım Rəsul Çopurovun hərbi xidmətdən yayınması üçün atılıb.
 
Qısa arayış olaraq bildirək ki, Rəsul Çopurov 2025-ci ilin mayın 13-də sözügedən qurumda işə qəbul edilib. Qısa müddət sonra isə ona Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq qurumundan çağırış gəlib.
 
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Rüfət Mahmud üçün önəmli kadrlardan olduğu söylənilən Rəsul Çopurovun hərbi xidmətə getməməməsi üçün SHXÇD-yə onun xaricdə doktorantura təhsili aldığı bildirilib.
 
Məsələ burasındadır ki, “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarının tələblərinə görə, doktoranturada əyani təhsil istehsalatdan ayrılmaqla həyata keçirilir. Ali təhsil pilləsinin doktorantura səviyyəsi üzrə təhsil alma ilə bağlı çağırışdan möhlət verilməsi barədə qərar qəbul olunarkən çağırışçıların yuxarıda qeyd olunan şərtlərdən əlavə əmək fəaliyyəti ilə məşğul olub - olmaması dəqiqləşdirilir.
 
Xarici ölkələrdə əyani təhsil alma formasında təhsil almaları barədə arayış təqdim etməklə yanaşı, ölkəmizdə əmək müqaviləsi əsasında əmək fəaliyyəti ilə məşğul olan şəxslərə hərbi xidmətə çağırışdan möhlət verilmir. Çünki şəxsin ölkə ərazisində daimi əsaslarla əmək fəaliyyəti ilə məşğul olması onun xarici ölkədə əyani təhsil alması faktini şübhə altına alır.
 
Mənbənin sözlərinə görə, hərbi xidmətdən möhlət əldə etmək üçün Rəsul Çopurovun sözügedən qurumda 19 sentyabr 2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilib. Nəticədə R.Çopurov aidiyyəti sənədləri təqdim etdikdən sonra hərbi xidmətdən möhlət hüququ qazanıb. 4 noyabr 2025-ci ildə isə R.Çopurov yenidən Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəqəmsallaşdırma sektorunun müdiri təyin edilib.
 
Məsələ ilə bağlı Teleqraf həm Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, həm də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sorğu ünvanlayıb.
 
Dövlət Xidmətindən bildirilib ki, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən konfidensial fərdi məlumatlar qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun səviyyədə mülkiyyətçi, operator və bu məlumatlara giriş hüququ olan istifadəçilər tərəfindən mühafizə olunmalıdır. Konfidensial fərdi məlumatlar qanunla müəyyən olunmuş hallar istisna olmaqla, üçüncü şəxslərə yalnız subyektin razılığı əsasında verilə bilər.
 
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi isə Qanunla nəzərdə tutulan müddətdə sorğunu cavablandırmayıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər