“Rusiyadakı azərbaycanlıların müdafiəsi çətinləşir” – Komitə sədri
Cəmiyyət
271
14:50, Bu gün

“Rusiyadakı azərbaycanlıların müdafiəsi çətinləşir” – Komitə sədri

Milli Məclisin bugünkü plenar iclasında çıxış edən komitə sədri Fazil Mustafa Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) illik məruzəsinin müzakirəsi zamanı ölkədəki ciddi problemlərdən birinə diqqət çəkib.
 
Ombudsmanın məruzəsini dəstəkləyən deputat ardınca təəssüflə qeyd edib ki, ölkədə nikah və boşanma statistikası ürəkaçan deyil:
 
“Son 9 ay ərzində 40 min nikah qeydə alınıb, onlardan 17 mini boşanma ilə nəticələnib. Xüsusilə Bakı şəhərində vəziyyət daha narahatedicidir. Qeydə alınan nikahların təxminən 56 faizi qısa müddət ərzində boşanma ilə nəticələnir. Hər 100 nikahın 56-sı pozulur. Bu isə olduqca ciddi sosial problemdir. Boşanma prosesində aliment məsələsi də ciddi müzakirə mövzusudur. Bir çox hallarda məsuliyyət əsasən kişi tərəfin üzərinə qoyulur və aliment öhdəliyi müəyyən edilir. Eyni zamanda, iddialar var ki, bəzi hallarda ailə qurulduqdan və övlad dünyaya gəldikdən sonra məqsədli şəkildə boşanma təşəbbüsü irəli sürülür və aliment əldə etmək əsas motivə çevrilir”.
 
F.Mustafanın fikrincə, bu kimi hallarda məhkəmələrin daha obyektiv və hərtərəfli araşdırma aparması vacibdir:
 
“Ailənin dağılmasının səbəbləri düzgün qiymətləndirilməli, aliment məsələsində ədalət prinsipi əsas götürülməlidir. Çünki ailə münaqişələrində səbəbkarın müəyyənləşdirilməsi hər zaman asan olmur və maddi maraq faktoru bəzən prosesə təsir göstərə bilir”.
 
Komitə sədri digər məsələdən də bəhs edib. Bildirib ki, Rusiya ərazisində yaşayan azərbaycanlılarla bağlı son dövrlər müxtəlif narahatedici hallar müşahidə olunur:
 
“Azərbaycan vətəndaşları müxtəlif ittihamlarla həbs edilir, hüquqlarının müdafiəsi çətinləşir. Bəzi hallarda ailə üzvlərindən bir qismi ölkəni tərk etməyə məcbur olur, digərləri isə hüquqi problemlərlə üzləşir. Onların hüquqlarının qorunması, hüquqi müdafiəsinin gücləndirilməsi istiqamətində daha sistemli tədbirlərin görülməsi vacibdir. Həmçinin ölkəyə giriş-çıxış məsələlərində yaranan çətinliklərin aradan qaldırılması da diqqət mərkəzində olmalıdır”.
 
Deputat əlilliyin verilməsində də problemlərin olduğunu Ombudsman Aparatının diqqətinə çatdırıb:
 
“Biləsuvar rayonundan bir vətəndaşla bağlı müraciət olmuşdu. Şəxs uşaqlıqdan səhhətində ciddi problem yaşayır, danışa bilmir və öz hüquqlarını müdafiə etmək imkanına malik deyil. Lakin ona birinci qrup əlillik təyin olunması üçün ruhi xəstəxanada yatmaq tövsiyə edilib. Halbuki məsələ psixi xəstəliklə bağlı deyil. Belə hallarda vətəndaşın vəziyyətinin düzgün qiymətləndirilməsi və artıq prosedur tələblərlə üzləşdirilməməsi son dərəcə vacibdir”. /Musavat.com/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər