Həmid Hersçidən xəbər var: Ailəsinə zəng edib deyib ki...
Cəmiyyət
279
11:29, Bu gün

Həmid Hersçidən xəbər var: Ailəsinə zəng edib deyib ki...

Hazırda Təbrizdə olan tanınmış yazıçı Həmid Herisçi ailəsi ilə telefon əlaqəsi saxlayıb.
 
Moderator.az bildirir ki, bu barədə Musavat.com-a onun həyat yoldaşı İlhamiyyə Rza məlumat verib.
 
O bildirib ki, yazıçı dünən axşam saat 19:00 radələrində ona zəng edib:
 
“Tanışımızın telefonu ilə zəng etdi və dedi ki, narahat olma, burada sakitlikdir. Mən də dedim ki, qayıt gəl. Dedi ki, gələcək. Ondan sonra isə əlaqə kəsildi və geri dönüş edə bilmədim. Həmin tanışın nömrəsinə zəng çatmadı. Digər tanışların da telefonlarına zəng etdim, lakin heç biri ilə əlaqə qurmaq mümkün olmadı”.
 
İlhamiyyə Rza yazıçının İrana səfərinin məqsədinə də aydınlıq gətirib. Onun sözlərinə görə, səfər sırf ədəbi missiya xarakteri daşıyıb:
 
“Həmid Herisçi Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Komissiyasının sədr müavinidir. İrana getməkdə məqsədi oradakı ədəbi mühitdə canlanmanı stimullaşdırmaq, ədəbiyyatla bağlı materiallar toplamaq, şair və yazıçılarla görüşmək idi. Ötən həftə verilişimiz dayandıqdan sonra dedi ki, artıq vaxtım var, Təbrizə gedə bilərəm. Güney Azərbaycanda ədəbiyyatçılarla daha canlı və sistemli iş aparmaq istəyirdi. Buna görə də yola düşdü.
 
Ən uzağı iki həftəyə qayıtmalı idi. Artıq dönüş vaxtı çatmışdı. Təxminən bir həftə, on gün idi ki, getmişdi.
 
Düşünürdüm ki, gələn həftənin ortalarında geri dönəcək. Ümid edirəm ki, tezliklə yenidən əlaqə saxlaya biləcəyəm. Bildiyim qədər, Təbrizdə hələlik nisbətən sakitlikdir”.
 
Qeyd edək ki, Həmid Herisçi əslən təbrizlidir. Onun atası Qafar Herisçi 1923-cü ildə Təbriz şəhərində anadan olub. O, özünə “Kəndli” təxəllüsünü götürüb, Azərbaycan Demokrat Firqəsinə üzv olub və “21 Azər” hərəkatında fədai kimi iştirak edib. 1946-cı ilin martında milli-demokratik hərəkatda fəaliyyətinə görə “21 Azər” medalı ilə təltif olunub.
Link kopyalandı!
Son xəbərlər