AQTA-dan
Cəmiyyət
39
17:27, Bu gün

AQTA-dan "arıqlama çayları" ilə bağlı XƏBƏRDARLIQ

Son dövrlərdə müxtəlif sosial şəbəkə platformalarında arıqlama məqsədilə təqdim olunan çay və qəhvə məhsullarının istifadəsi və onun təbliğatı geniş yayılıb. Qısa müddətdə çəki itkisi vəd edən, "yağyandırıcı", "metabolizmanı sürətləndirən" kimi ifadələrlə təşviq olunan bu məhsulların reklamı intensiv xarakter alıb.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, "Qida təhlükəsizliyi haqqında" Qanunun 17.2.3-cü və 17.2.5-ci yarımbəndlərinə əsasən, qida məhsullarının etiketində yaxud reklamında həmin məhsula xas olmayan təsir və ya xüsusiyyətlər göstərilməməli, həmçinin onların insan xəstəliklərinin qarşısını alması və ya müalicəvi xüsusiyyətlərə malik olması barədə iddialar irəli sürülməməlidir:

"Arıqladıcı və ya kökəlməyə yardım edən dərman vasitələri mövcud ola bilər, lakin belə məhsullar müvafiq qaydada dövlət qeydiyyatına alınmalı və "Dərman vasitələri haqqında" Qanunun tələblərinə uyğun olaraq dövriyyəyə buraxılmalıdır.

İstehlakçıların tərkibi bəlli olmayan, şübhəli mənbələrdən, xüsusilə sosial şəbəkələr və digər elektron ticarət platformaları vasitəsilə qeyri-rəsmi qaydada təklif olunan məhsulların əldə edilməsi və istifadəsi məqsədəuyğun hesab edilmir.

Çəkinin azaldılması və ya artırılması məqsədilə hər hansı məhsulun istifadəsi yalnız həkim məsləhəti əsasında həyata keçirilməlidir. Sağlam və balanslaşdırılmış qidalanma prinsipləri, eləcə də müntəzəm fiziki aktivlik əsas prioritet kimi nəzərə alınmalıdır".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər