Azərbaycan Kinematoqrafçılar İttifaqı hərbi-vətənpərvərlik mövzusunda filmlərin nümayişini mütəmadi olaraq davam etdirir.
Qurum ənənəsinə sadiq qalaraq bu dəfə "13" adlı bədii-sənədli filmin təqdimatını keçirib.
Filmin layihə rəhbəri Mübariz Əsgərov ekran işinin adının rəmzi məna daşıdığını bildirib.
Layihə rəhbəri Baku TV-yə qeyd edib ki, film Azərbaycan müstəqillik tarixinin ağrılı səhifələrindən birinə həsr olunub:
"Mən bu filmi "Azərbaycan müstəqil tarixinin 13-cü səhifəsi" adlandırıram. Filmin adı da elə buna görə "13"dür. Bu, çox faciəli bir hadisədir".
Onun sözlərinə görə, söhbət uzun illər taleyi naməlum qalan 13 gəncdən gedir. Hadisələr Xocalıya hücum zamanı baş verib. Əhalinin bir hissəsi qaçarkən yolu səhv salaraq Əsgəran istiqamətinə yönəlib və orada erməni silahlıları tərəfindən mühasirəyə alınıb:
"Təxminən 150 nəfərə yaxın insan mühasirəyə düşmüşdü. Onların arasından gecə vaxtı 13 nəfər gənci seçib aparıblar. Uzun illər onların taleyi barədə heç bir məlumat olmayıb".
Mübariz Əsgərov bildirib ki, aparılan araşdırmalar nəticəsində həmin gənclərdən beşinin nəşi tapılaraq ailələrinə təhvil verilib:
"Mənə bu hadisə barədə məlumat verildikdə araşdırmağa başladım. Həmin gənclərin şəkillərini, ailə üzvlərini tapdım, fotolarını topladım və filmdə səhnələşdirdim".