“50 dəqiqədən artıq iclas əvvəl faciəyə, sonra komediyaya çevrilir” – Professorla “yatan alimlər” SÖHBƏTİ
Cəmiyyət
123
15:40, Bu gün

“50 dəqiqədən artıq iclas əvvəl faciəyə, sonra komediyaya çevrilir” – Professorla “yatan alimlər” SÖHBƏTİ

Moderator.az xəbər verir ki, Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin bugünkü suallarını əməkdar jurnalist, professor Qulu Məhərrəmli cavablandırıb. Onunla alimlərin akademiyanın iclasında mürgüləməsi faktından danışmışıq. Q.Məhərrəmli sosial media hesabında yazıb ki, “Razıyam, iclasda yatmaq yaxşı hal deyil… Amma düzünü deyim ki, elm adamlarının, alimlərin, yaşlı insanların bu şəkildə məsxərəyə qoyulmasını, ələ salınmasını qəbul edə bilmədim”. Professor sosial mediada şərhləri ürək ağrısı ilə oxuduğunu bildirib. Müsahibimizlə bu mövzuda söhbəti təqdim edirik:

- Qulu müəllim, insanlar alimlərin yuxulamasını gülüş obyektinə çevirməkdə haqlı deyilmi? Axı söhbət elm adamlarının toplantısından gedir, aktyorların yığıncağı deyildi…

- Əlbəttə ki, xoşagəlməz situasiyadır. Deməli, orada danışılan mövzuya biganəlik olub. Əslində, bir çox qurumlarda iclaslar keçiriləndə cəfəngiyat danışılır. Ümumiyyətlə, bizim insanlar iclaslarda fəal olmurlar, məsələlərə laqeyd qalırlar. Xüsusən də elmi tədbirlərdə bu hallar olur. Yəni çox yerlərdə keçirilən iclaslarda bu cür hallar olur. Ən əsası da daha çox yaşlılar mürgüləyir. Düzdür yuxulayan cavanlar da olur. Şübhəsiz ki, biz kiməsə bu hadisəni tənqid etmək qadağası qoya bilmərik. Amma onların arasında hörmətli elm adamları var idi. Bu da adama pis təsir edir. Axı hər şeydə bir ölçü var. Bunu kütləvi lağ obyektinə çevirmək olmaz.

- Yəni insanlar tənqid etməliydi, amma lağa qoymamalıydı – bunu demək istəyirsiniz?

- Əlbəttə. Təkcə alimlərin davranışına münasibət deyil. Cəmiyyət sosial mediada, real həyatda olan-olmayan məsələlərə dozasından artıq tənqid, ifrat kinayə və təhqirlə yanaşır. Cəmiyyətdə böyük mənfi enerji toplanıb. Bu da narahatedici haldır. Əvvəllər paralamentin iclaslarından da belə kadrlar göstərilib. Hər bir halda dünən yayılan kadrlar Azərbaycan Milli Elmlər Akademiyasında olan vəziyyətin bir növ ifadəsidir. Eyni zamanda, adamların elmə, insanlara münasibətidir. Mənə görə 50 dəqiqədən artıq çəkən iclas əvvəl faciəyə, sonra komediyaya çevrilir. Mənim bu barədə sosial mediada yazdığım postda demək istədiyim odur ki, alimlərin o şəkildə məsxərəyə qoyulması heç xoş təsir bağışlamadı. Çünki bir məsələdə ölçü hissi keçən kimi vəziyyət başqa şəkil alır. Əgər onlar iclasda yatmasaydı, Azərbaycan elmində nə baş verəcəkdi?

- Bəlkə bu məsxərəyə səbəb illərdir ki, AMEA-nın və alimlərin elmə heç bir töhfə verməməsidir? İnsanlar deyirlər ki, alimlərimizin heç bir ixtirası, tədqiqatı yoxdur, havayı maaş alırlar…

- O fikirdə deyiləm ki, elm adamlarına, akademiya əməkdaşlarına kütləvi nifrət var. Onların işi elmi araşdırma aparmaqdan ibarətdir. Təəssüf ki, müstəqillik illərində Azərbaycan Milli Elmlər Akademiyasının uduzduğu məqamlar oldu. Çünki maliyyə azaldı, yaxşı alimlər xaricə köçdü, qalanlar isə elmdə aktiv olmayan təbəqəyə çevrildi. Yəni onlar üçün akademiya adi iş yerinə çevrildi. Halbuki sovet vaxt akademiya indikindən daha dinamik yer idi. Ona görə də təbii ki, problemlər var. Xüsusən də dəqiq elmlər sahəsində problemlər var. Ümumiyyətlə, AMEA-nın fəaliyyətindən cəmiyyət narazıdır. Digər qurumlar haqda da söyləmək olar. Çünki heç kəs işini yüksək peşəkarlıqla görmür. Bir institutda, bir kafedrada 2-3 nəfər işləyir, yerdə qalanları başlarını girələyirlər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər