Bizi sosial şəbəkələrdən izləyin:
Yanacaq qiymətlərində baş verən dəyişikliklər iqtisadiyyatın bir çox sahəsi kimi ictimai nəqliyyat sektoruna da birbaşa təsir göstərən əsas amillərdən hesab olunur. Daşınma xərclərinin artması xidmətin maya dəyərinə, marşrutların fəaliyyətinə və sərnişinlər üçün göstərilən xidmətin keyfiyyətinə təsir edə bilər. Bəs yanacağın bahalaşması ictimai nəqliyyatda qiymət artımına və interval problemlərinə səbəb ola bilərmi?
Moderator.az xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, hər hansı məhsul və ya xidmətin yekun qiymətinin formalaşmasında əsas amillərdən biri onun istehsalı və ya təqdim edilməsi zamanı çəkilən xərclərdir:
“Xərclər artdıqca xidmətin qiymətində də yüksəliş qaçılmaz olur. Yanacaq ictimai nəqliyyatda daşınma prosesinin ən mühüm xərclərindən biridir. Yanacağın bahalaşması daşıma xərclərini artırır və bu da nəticə etibarilə xidmətin maya dəyərinə təsir göstərir. Xərclərin artması yalnız qiymət artımı ilə məhdudlaşmır. İnflyasiya şəraitində daşıyıcı şirkətlər xərcləri azaltmaq üçün bəzi hallarda marşrutların sayını azalda, interval vaxtlarını artıra bilər ki, bu da xidmət keyfiyyətinə mənfi təsir edir”.
İqtisadçı əlavə edib ki, ictimai nəqliyyat sektoru əsasən subsidiya hesabına fəaliyyət göstərən sahələrdəndir. Bu səbəbdən xərclərin yüksəlməsi dövlət tərəfindən ödənilən subsidiyaların da artmasına, nəticə etibarilə isə dövlət büdcəsinə əlavə yükün yaranmasına səbəb ola bilər.