Konstitusiya Məhkəməsinin Plenumu İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) sorğusu əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2 və 3-cü hissələrinin Konstitusiyaya uyğunluğunu araşdıraraq 18 fevral 2026-cı il tarixində Qərar qəbul edib.
Bu barədə Moderator.az-a Konstitusiya Məhkəməsinin Mətbuat xidmətindən bildirilib.
Sorğu əmək müqaviləsinə xitam verilərkən işçilərə istifadə olunmamış əlavə məzuniyyət günlərinə görə kompensasiyanın ödənilməməsini nəzərdə tutan normanın Konstitusiyanın bərabərlik, sosial dövlət və hüquqların məhdudlaşdırılmasının mütənasibliyi prinsiplərinə uyğunluğu ilə bağlı olmuşdur.
Qərarda göstərilir ki, qanunvericiliyə əsasən işçilərə əsas məzuniyyətlə yanaşı, müəyyən kateqoriyalara əmək şəraitinə, əmək stajına, uşaqlı qadınlara, eləcə də işğaldan azad edilmiş ərazilərdə çalışan mütəxəssislərə əlavə məzuniyyət hüququ verilir. Əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş əsas məzuniyyət günlərinə görə kompensasiya ödənildiyi halda, əlavə məzuniyyətlərə görə kompensasiya verilməməsi həmin hüququn faktiki həyata keçirilməsini məhdudlaşdırır.
Plenum qeyd edir ki, əlavə məzuniyyət hüququndan obyektiv səbəblərə görə istifadə edə bilməyən işçinin bu hüquqa görə kompensasiya almaq imkanından tam məhrum edilməsi hüququn mahiyyətini formal xarakterə çevirir və bərabərlik prinsipinə uyğun gəlmir. Eyni zamanda, yalnız əmək münasibətlərinin davam etməsi və ya xitam verilməsi meyarına əsaslanaraq fərqli hüquqi nəticələrin müəyyən edilməsi obyektiv və ağlabatan əsas kimi qiymətləndirilə bilməz.
Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu Əmək Məcəlləsinin 144-cü maddəsinin 3-cü hissəsində əlavə məzuniyyətlərə görə kompensasiyanın verilməməsini nəzərdə tutan müddəanı Azərbaycan Respublikası Konstitusiyasına uyğun olmayan hesab edir və həmin normanın tətbiqinin dayandırılmalı olduğunu bildirir. Qanunvericilikdə müvafiq dəyişikliklər edilənədək əmək müqaviləsinə xitam verilərkən işçilərə istifadə edilməmiş əlavə məzuniyyət günlərinə görə kompensasiyanın əsas məzuniyyət üçün nəzərdə tutulmuş qaydada və məbləğdə ödənilməsi təmin edilməlidir.