Azərbaycan süni intellekti səhiyyədə risksiz necə tətbiq etməlidir? - TƏKLİFLƏR
Cəmiyyət
195
10:17, Bu gün

Azərbaycan süni intellekti səhiyyədə risksiz necə tətbiq etməlidir? - TƏKLİFLƏR

Bu gün “süni intellekt” (AI) deyəndə çoxumuzun ağlına daha sürətli sistem, daha dəqiq texnoloji dəyərləndirmə, daha ağıllı xəstəxana sistemləri gəlir. Mən də hər gün bunun içindəyəm və bilirəm: AI səhiyyəyə də yeni ümid gətirir. Amma eyni anda başqa bir reallıq da böyüyür — dünyada artıq açıq şəkildə müzakirə olunur ki, biologiyada AI modelləri (genom, zülal, molekul dizaynı kimi sahələrdə) elmi inanılmaz sürətləndirdiyi kimi, yanlış əllərdə biosəhiyyə risklərini də artırır. Məsələn, süni intellektlə hazırlanan yeni nəsil viruslar və bunların orta və ya ciddi təhlükəsi. Artıq belə viruslar mövcuddur.
 
Bunları açıqlamaqda məqsəd “panika yaratmaq” deyil. Məsələ budur: dövlətlər AI-ni tətbiq edərkən səhiyyə kontrolu (health security / biosecurity) sisteminin özəyinə qoymasalar, sabah gec ola bilər.
 
Azərbaycanda da köklü AI tətbiqləri gedir – amma “görünməyən boşluq” var.
 
Azərbaycanda süni intellektlə bağlı köklü dəyişikliklərə başlayırıq: rəqəmsallaşma, e-səhiyyə, laboratoriya şəbəkələri, görüntüləmə, telemedisin, klinik qərar dəstəyi… Hamısı lazımdır.
 
Amma çox vaxt diqqətdən qaçan bir sual var:
 
- Bu sistemlər “səhiyyə təhlükəsizliyi” baxımından necə idarə olunur?
Yeni AI alətləri xəstə məlumatı ilə işləyirsə — məlumat təhlükəsizliyinə və etik məsələlərə
nəzarəti kim(lər) edir?
- Klinik qərar sistemləri tətbiq olunursa — audit, məsuliyyət, səhv riski, bias və keyfiyyət standartı necə tənzimlənir?
- Laboratoriya/biotexnologiya ekosistemi böyüyürsə — biosecurity və cyberbiosecurity üzrə milli mexanizm varmı?
- Pandemiya və fövqəladə hadisələrə hazırlıqda — erkən xəbərdarlıq, risk analizi, kommunikasiya, koordinasiya hansı mərkəzdən idarə olunur?
 
Bu suallar cavabsız qalanda görürük ki, AI-ni “texnologiya layihəsi” kimi qururuq, amma səhiyyə təhlükəsizliyi layihəsi kimi qurmuruq (!). Halbuki müasir dünyada bunlar bir-birindən ayrılmaz vacib məsələlərdir.
 
Təkliflər:
 
Azərbaycanda “Health Security Center” (Səhiyyə Təhlükəsizliyi Mərkəzi) 
 
Məncə, Azərbaycanda dövlət səviyyəsində “Health Security Center” tipli vahid mərkəz olmalıdır. Bu mərkəz:
 • Biosəhiyyə risklərinin qiymətləndirilməsi (biosecurity, pandemic preparedness, laboratoriya şəbəkələri, AI-dual-use riskləri)
 • Səhiyyədə AI-nin təhlükəsizlik standartları (klinik AI auditləri, sertifikasiya, etik çərçivələr, məlumat idarəçiliyi)
 • Erkən xəbərdarlıq və situasiya monitorinqi (infeksiya trendləri, xəstəxana tutumu, dərman təchizatı, kritik avadanlıq riskləri)
 • Fövqəladə hadisə idarəetməsi (vahid komanda, ssenari məşqləri, protokollar, kommunikasiya)
 • Beynəlxalq koordinasiya (WHO, regional mərkəzlər, Johns Hopkins kimi təcrübə məktəbləri ilə əməkdaşlıq)
kimi funksiyaları bir masa ətrafında birləşdirər.
 
Çünki bu mövzular parça-parça idarə olunanda risklər “boşluqlardan” keçir. Sistem boşluq tanımamalıdır.
 
Prezident yanında “Health Security” üzrə məsləhətçi/köməkçi institutu
 
Qeyd olunan məsələlər təkcə Səhiyyə Nazirliyinin işi deyil. Burada müdafiə, daxili işlər, rəqəmsal inkişaf, təhsil, iqtisadiyyat, fövqəladə hallar, sərhəd nəzarəti – hamısı bir zəncirin halqasıdır.
 
Ona görə təklif edirəm: Prezidentin health security üzrə məsləhətçisi/köməkçisi institutu yaradılmalıdır. Bu rol:
 • ölkə üzrə vahid prioritetləri müəyyən edər,
 • nazirliklərarası koordinasiyanı sürətləndirər,
 • fövqəladə risklərdə qərarların sürətini və dəqiqliyini artırar,
 • AI və biotexnologiyada “təhlükəsizlik + innovasiya” balansını qurar.
 
Yəni məqsəd inkişafı dayandırmaq deyil — əksinə, inkişafı təhlükəsiz və dayanıqlı etməkdir.
 
Hər nazirlikdə “Health Security / AI Safety” staj (fellowship) proqramı
 
Bir də, struktur problemini kadrlarla həll etməliyik. Təklif: hər əsas nazirlikdə 6–12 aylıq Health Security / AI Safety staj proqramı yaradılsın:
 • gənc həkimlər, mühəndislər, epidemioloqlar, hüquqşünaslar, IT mütəxəssisləri rotasiya ilə
 • Səhiyyə, Rəqəmsal İnkişaf, FHN, Təhsil, DİN, İqtisadiyyat nazirlikləri kimi qurumlarda
 • real layihələr üzərində işləsinlər: AI audit protokolu, məlumat idarəçiliyi, laboratoriya təhlükəsizliyi, fövqəladə ssenari məşqləri, risk kommunikasiya planı və s.
 
Bu, bir neçə ilə ölkəyə yeni tip peşəkarlar qazandırar: səhiyyəni və yeni texnologiyanı anlayan və təhlükəsizlik düşüncəsi ilə qərar verən liderlər.
 
Nəticə: “Sürət” deyil, “sistem” qalib gəlir
 
Süni intellekt dövründə “tətbiq edən” ölkə yox, onu  təhlükəsiz tətbiq edən ölkə güclənəcək.
Azərbaycanda biz bu yolu seçməliyik:
İnnovasiya + etik nəzarət + təhlükəsizlik + dövlət səviyyəsində koordinasiya.
 
Sabah hansısa böhran baş verəndə “kaş əvvəlcədən…” deməməliyik. Bizim işimiz yalnız müalicə etmək deyil — qorumaq, hazır olmaq, sistemi dayanıqlı etməkdir.
 
Təklifləri qısa olaraq ümumiləşdirsəm:
 1. Azərbaycanda Health Security Center yaradılsın.
 2. Prezident yanında health security üzrə məsləhətçi/köməkçi institutu təsis edilsin.
 3. Hər əsas nazirlikdə Health Security / AI Safety staj (fellowship) proqramı qurulsun.
 
Bu mövzu gələcəyin mövzusu deyil - artıq bu günün mövzusudur.
 
İndi növbə sistem qurmaqdır. Unutmayaq ki, Azərbaycan təhlükəsiz innovasiyanın da regional nümunəsi ola bilər.
 
Nuran Abdullayev

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Almaniyanın Troisdorf şəhərinin Radiologiya, Nuklear Tibb və Neyroradiologiya Klinikasının rəhbəri,

tibb elmləri doktoru, professor

Link kopyalandı!
Son xəbərlər