21 Fevral Beynəlxalq Ana Dili Günüdür
Cəmiyyət
446
09:30, Bu gün

21 Fevral Beynəlxalq Ana Dili Günüdür

Fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.
 
Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.
 
Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il qeyd olunan Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.
 
Moderator.az-ın məlumatına görə, hazırda dünyada 7000-ə yaxın dil var və onların 45 faizi təhlükə altındadır. Təhsil sistemlərində və hökumətdə yalnız bir neçə yüz dil mühüm rol oynayır, rəqəmsal dünyada isə yüzdən az dildən istifadə olunur. Çoxdilli və multikultural cəmiyyətlər ənənəvi bilik və mədəniyyətləri davamlı şəkildə ötürən və qoruyan dillərə görə mövcuddur.
 
Azərbaycanda ana dilinin hərtərəfli inkişafı Prezident İlham Əliyevin diqqət mərkəzində olan məslələrdəndir.
 
2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi dilimizin dövlət dili kimi işlədilməsi, tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində mühüm addım olub.
 
Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamları, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.
 
Prezident İlham Əliyev AMEA-nın 80 illik yubiley yığıncağında çıxışı zamanı və bu il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycan dilinin yad təsirlərdən qorunmasının vacibliyini vurğulayıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər