Dördüncü çağın astanasında: “İkiqatlanan” gələcək, rəqəmsal dünyanın sakit inqilabı və insanlığın yeni sınağı
Cəmiyyət
245
11:08, Bu gün

Dördüncü çağın astanasında: “İkiqatlanan” gələcək, rəqəmsal dünyanın sakit inqilabı və insanlığın yeni sınağı

Bəzən tarix ən gurultulu dəyişiklikləri səssiz şəkildə yazır. Biz bunu gündəlik həyatımızda hiss etmirik, çünki hər şey birdən-birə yox, addım-addım dəyişir. Dünən sadəcə zəng etmək üçün istifadə etdiyimiz telefon bu gün bankımız, kitabxanamız, xəritəmiz və hətta məsləhətçimizə çevrilib. Bir vaxtlar yalnız böyük laboratoriyalarda mövcud olan kompüterlər indi cibimizdədir və biz bunu artıq adi bir hal kimi qəbul edirik. Maraqlısı isə budur ki, bu dəyişikliklərin ortasında yaşadığımızı çox vaxt sonradan anlayırıq, sanki tarix elə indi yazılır, amma biz onun baş qəhrəmanları olduğumuzu hələ dərk etmirik. Bu baxımdan texnologiyanın həyatımıza nə qədər dərindən daxil olduğunu bəzən yalnız dayanıb düşündükdə anlayırıq. Biz dünyada neçə milyard kompüterin işlədiyini dəqiq bilmirik, lakin onların istehsal olunan elektrik enerjisinin təxminən on faizini istifadə etdiyi ehtimal olunur. Bu, sadəcə texniki göstərici deyil – kompüterlərin artıq həyatımızın görünməz infrastrukturu halına gəldiyini göstərir. Bank əməliyyatlarından şəhərlərin logistikasına, su təmizləmə sistemlərindən tibbi diaqnostikaya qədər demək olar ki, hər sahə arxa planda işləyən rəqəmsal şəbəkələrə bağlıdır. Böyük şəhərlərdə bu sistemlər birdən dayansa, həyatın necə iflic olacağını təsəvvür etmək çətin deyil. Bir vaxtlar suallarımızı müdrik insanlara verirdiksə, bu gün cavabların böyük hissəsini internetdə “google” və digər axtarış sistemlərindən gözləyirik. Bu dəyişiklik o qədər sakit baş verir ki, çoxumuz onun nə qədər köklü olduğunu hiss etmirik.
 
Gəlin, tarixə qısa ekskursiya edək. Məlumdur ki, 1960-70-ci illərdə kompüterlərin sayı artdıqca onları vahid şəbəkədə birləşdirmək ideyası meydana çıxdı və nəticədə internet yarandı. 1989-cu ildə britaniyalı mühəndis Tim Berners-Li (Tim Berners-Lee) HTTP protokolunu hazırlayıb dünya miqyasında şəbəkənin əsasını qoyanda bəlkə də çox az insan bunun düşüncə tərzimizi dəyişəcəyini təxmin edirdi. Bu gün artıq təkcə kompüterlər deyil, ev cihazları, avtomobillər, saatlar və şəhər infrastrukturu belə internetə qoşulur. “Əşyaların interneti” (IoT) adlandırılan bu sistem sayəsində milyonlarla sensor məlumat toplayır, qərarlar alır və insan müdaxiləsini minimuma endirir. Bu termin müxtəlif cihazların və obyektlərin internetə qoşulması və bir-biri ilə qarşılıqlı əlaqədə olması konsepsiyasını ifadə etmək üçün işlədilir. Sözügedən texnologiya cihazların yalnız insanların müdaxiləsi ilə deyil, həm də avtomatik şəkildə məlumat toplamasına, paylaşmasına və analiz etməsinə imkan verir. Düşünün: Avtomobilinizin hansısa hissəsi nasaz olduğundan sizin xəbəriniz olmadan o özünün xarab olmuş həmin hissə-sini dəyişdirmək məqsədilə internetdən sifariş verir. Yaxud da yemək yediyiniz qaşıq və ya çəngəliniz yediklərinizi və toxunduğu dilinizi analiz etdikdən sonra sizdə hansısa xəstəliyin olması ehtimalı barədə sizi xəbərdar edir və ya sizin xəbəriniz olmadan həkiminizə və ya sağlamlıq sığorta şirkətinə məlumat göndərir. Qeyri-adi gəlir, deyilmi? Lakin bu deyilənləri qəbul edib-etməməyinizdən asılı olmadan gələcək bunu doğru gedir.
 
Proqnozlara görə yaxın onilliklərdə yüz milyardlarla cihaz eyni rəqəmsal ekosistemdə fəaliyyət göstərəcək. Bu isə texnologiyanı sadəcə alət deyil, planet miqyasında işləyən vahid bir “rəqəmsal sinir sistemi”nə çevirir.
 
Bu sürətli dəyişimin arxasında duran əsas prinsip isə çox sadə görünür: texnologiyanın gücü müəyyən intervallarla ikiqat artır. “İntel” korporasiyasının rəhbəri olmuş Qordon Mur (Gordon Moore) 1960-cı ildə inteqral sxemlərdə tranzistor sayının təxminən iki ildən bir ikiqat artdığını müşahidə etmişdi. Lakin sonradan amerikalı ixtiraçı və mühəndis Rey Kurzveyl (Raymond Kurzweil) göstərdi ki, bu artım yalnız tranzistorlara aid deyil  mexaniki hesab maşınlarından tutmuş müasir süni intellekt sistemlərinə qədər texnologiya sanki eyni ritmlə inkişaf edir. İnsan beyni isə bu eksponensial artımı dərk etməkdə çətinlik çəkir və texnologiyanın gələcəyini çox vaxt kiçik addımlarla təsəvvür edir.
 
Bu məqamı daha aydın başa düşmək üçün qədim şahmat hekayəsinə baxmaq kifayətdir. Əfsanəyə görə şahmatın ixtiraçısı hökmdardan mükafat istəyəndə yalnız belə bir tələb irəli sürür: şahmat taxtasının birinci xanasına bir dənə düyü qoyulsun, ikinciyə iki dənə, üçüncüyə dörd dənə və hər növbəti xanada əvvəlkindən iki dəfə çox olsun. İlk on xana hələ kiçik görünür - cəmi minə yaxın düyü. On beşinci xanada nəticə yenə də insanı təəccübləndirmir. Lakin iyirminci xanada artıq bir milyona yaxın düyü olur, otuzuncu xanada milyardlara çatır, qırxıncı xanada trilyonlara yüksəlir. Altımış dördüncü xanaya gəldikdə isə ortaya çıxan miqdar Yer üzündə istehsal edilən düyü miqdarından daha böyük olur.
 
Bu hekayənin mahiyyəti sadədir: ikiqat artım əvvəlcə yavaş görünür, sonra isə qəfil partlayış effekti yaradır. Texnologiyanın inkişafı da eyni qayda ilə gedir. Bu gün biz hələ şahmat taxtasının ortalarında ola bilərik, lakin son xanalara yaxınlaşdıqca dəyişikliklərin sürəti insan təsəvvürünü aşacaq.
 
Müasir kompüterlərin yaranması isə təsadüfi deyil. İngilis riyaziyyatçısı və maşınqayırma mühəndisi Çarlz Bebbic (Charles Babbage) mexaniki hesablama maşını ideyasını irəli sürərək avtomatlaşdırılmış hesablamanın mümkünlüyünü göstərdi. İngilis riyaziyyatçısı Alan Türinq universal hesablama anlayışını ortaya qoyaraq hər problemin alqoritmik şəkildə həll edilə biləcəyini sübut etdi. ABŞ riyaziyyatçısı və fiziki Con fon Neyman (John von Neumann) proqram və məlumatın eyni yaddaşda saxlandığı arxitektura ilə real kompüterlərin əsasını qurdu.  Amerikalı mühəndis, kriptoanalitik və riyaziyyatçı Klod Şennon (Claude Shannon) isə informasiyanı riyazi modelə çevirərək proqramlaşdırmanı yeni mərhələyə keçirdi. Bu ideyalar birləşərək kompüteri sadə kalkulyatordan universal düşüncə alətinə çevirdi və nəticədə süni intellektin yaranması üçün zəmin formalaşdırdı.
 
Bu gün artıq süni intellekt yalnız məlumat emal etmir, həm də öyrənir, qərar verir və proqnozlar qurur. Robotlaşma fabriklərdən çıxaraq gündəlik həyata daxil olur: avtonom avtomobillər, ağıllı şəhərlər, virtual aləm həqiqətlə birləşdirən “Artırılmış Reallıq” (“Augmented Reality”), süni ana bətni, insan klonlama, tibbi robotlar, ədalətin mühakiməsini həyata keçirən robot hakimlər və hətta hüquqi analiz aparan sistemlər artıq reallığa çevrilib. Bu isə yeni-yeni anlayışların yaranmasına səbəb olur - rəqəmsal suverenlik və rəqəmsal vətəndaşlıq kimi. Dövlətlər artıq yalnız fiziki sərhədlərini deyil, məlumat axınlarını da qorumağa çalışır. İnsanlar isə sosial şəbəkələrdə, virtual platformalarda və rəqəmsal xidmətlərdə yeni identiklik forması qazanır. Gələcəkdə vətəndaşlıq anlayışı yalnız coğrafi məkanla deyil, rəqəmsal iştirakla da müəyyən oluna bilər.
 
Texnologiyanın sürətlənməsi iqtisadi münasibətləri də dəyişir. Bir vaxtlar bir gigaflop gücündə kompüter yaratmaq üçün dövlət səviyyəsində böyük maliyyə tələb olunurdusa, bu gün həmin güc smartfonlarda mövcuddur. Transistorların qiyməti o qədər ucuzlaşıb ki, bir vaxtlar milyonlarla dollara başa gələn texnologiya indi bir düyü dənəsi qiymətinə əldə edilə bilər. Bu, yalnız texniki nailiyyət deyil; o, gücün mərkəzləşməsini zəiflədir və fərdlərin imkanlarını artırır. Lakin eyni zamanda yeni risklər də yaradır – məlumat təhlükəsizliyi, süni intellekt etikası və rəqəmsal nəzarət kimi problemlər artıq hüquqi müstəviyə çıxır.
 
Bütün bunlar insanlığı yeni bir dövrün astanasına gətirir. Bəziləri bu mərhələni dördüncü texnoloji çağ adlandırır. Bu çağın fərqi ondadır ki, texnologiya artıq yalnız fiziki gücümüzü deyil, düşüncə prosesimizi də genişləndirir. Əşyaların interneti ətraf mühiti “hiss edən” şəhərlər yaradır, süni intellekt qərarvermə prosesinə daxil olur, robotlar isə fiziki əməyin strukturunu dəyişdirir. Bu dəyişikliklərin sürəti tarixdə görünməmiş səviyyədədir. Təkərin ixtirasından Ay’a uçuşa qədər minilliklər keçdi, lakin son onilliklərdə texnoloji sıçrayışlar o qədər sürətlənib ki, qarşıdakı əlli ilin son beş min ildən daha çox dəyişiklik gətirəcəyi ehtimal edilir.
 
Bu nöqtədə insanlıq özünə yeni suallar verməyə başlayır. Maşınlar düşünə bilərmi? İnsan fəaliyyəti tam mexanikləşdirilə bilərmi? Rəqəmsal dünyada fərdin hüquqları necə qorunacaq? Texnologiya bizi daha azad edəcək, yoxsa daha çox asılı vəziyyətə salacaq? Bu sualların cavabı hələ tam aydın deyil, lakin bir həqiqət artıq görünür: texnologiya sadəcə alət deyil, cəmiyyətin strukturunu formalaşdıran əsas qüvvəyə çevrilir.
 
Bəlkə də bu hekayənin ən maraqlı tərəfi ondadır ki, insan zehni hələ də xətti düşünür, halbuki texnologiya eksponensial inkişaf edir. Şahmat taxtasında düyü dənələrinin artımını əvvəlcədən hiss etmədiyimiz kimi, texnologiyanın gələcək təsirini də tam dərk etmirik. Amma tarix göstərir ki, dəyişiklik başlayanda onun qarşısını almaq mümkün olmur – yalnız ona uyğunlaşmaq mümkündür.
 
Beləliklə, biz artıq texnologiyanın yaratdığı yeni bir reallığın içindəyik. Əşyaların interneti, rəqəmsal suverenlik, süni intellekt və robotlaşma yalnız texniki terminlər deyil, onlar insanlığın gələcək yolunu müəyyən edən amillərdir. Ola bilsin ki, gələcəyin ən böyük sualı texnologiyanın nə qədər inkişaf edəcəyi deyil, insanın bu inkişaf qarşısında öz mahiyyətini necə qoruyacağı olacaq. Çünki tarix boyu alətlərimizi  dəyişdirmişik, amma ilk dəfədir ki, yaratdığımız alətlər düşünməyə başlayır. Və bəlkə də bu dövrün ən böyük sınağı məhz budur – insanın öz yaratdığı zəka ilə necə yanaşı yaşamağı öyrənməsi.
 
Yunis Xəlilov,
Naxçıvan Dövlət Universitetinin "Ümumi hüquq" kafedrasının müəllimi
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər