Bizi sosial şəbəkələrdən izləyin:
Bu gün Xalq şairi Nəriman Həsənzadənin doğum günüdür. Şair 95 yaşını qeyd edir.
Moderator.az xəbər verir ki, özəl günü ilə bağlı Musavat.com-a danışan şair bildirib ki, özünü yaxşı hiss edir və bu gün ailəsi ilə birlikdə olacaq.
“Həmişə olduğu kimi bu günü də ailəmlə birgə keçirəcəyəm. Əhvalım yaxşıdır, səhhətim də düzəlir. Buna da şükür”, - Nəriman Həsənzadə deyib.
O, yeni şeirlər yazdığını vurğulayıb.
“Yazıram, cızma-qara edirəm. Amma hələ istədiyim alınmır. Xəstəxanadan çıxandan sonra həkimimə şeir yazdım”, - deyə bildirən şair səhhəti ilə bağlı çox danışa bilməyib.
Şair 90 illiyində verdiyi bir müsahibəsində yaşamaqla bağlı maraqlı fikirlər söyləmişdi. O bildirmişdi ki, bu dünyada yaşamaq çox çətindir:
“Bu yaşa qədər başım nələr çəkib... Bir də dünyaya gələrsənmi, yenidən yaşamaq istərsənmi deyə soruşsan, cavabım “yox” olar. Hətta kobud formada desək, “qələt edib, bir də yaşayaram” deyə sualı cavablayaram. Bu həyatda çəkdiklərimi ikinci dəfə çəkə bilmərəm. Mübarizələrdə çox olmuşam, çox vuruşmuşam. Mən xeyli vaxtdır özümə aynada baxmıram. Yuxudan durub əl-üzümü yuyuram və işlərimlə məşğul oluram. İnsan hər gün yenidən doğulur. Nazim Hikmət deyirdi ki, “bu gün yaşadıq, buna da şükür”. Gərək hər günün qiymətini bilim, itirməyim”.
Qeyd edək ki, Nəriman Əliməmməd oğlu Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. 2005-ci ildə Xalq şairi adını alıb. “Şərəf”, “Şöhrət” və “İstiqlal” ordeni ilə təltif olunub.