Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Moderator.az xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, eləcə də AMEA-nın Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların direktorları, həmçinin AR Mədəniyyət Nazirliyinin, Bakı Yunus Əmrə İnstitutunun nümayəndələri və aidiyyəti şəxslər iştirak ediblər.
Əvvəlcə AMEA-nın müxbir üzvü Amin İsmayılova AMEA-nın Fəxri fərmanı təqdim olunub.
İclasda müzakirəyə çıxarılan ilk məsələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycanın yeni rəqəmsal arxitekturası" üzrə vahid fəaliyyət planının müddəaları və Azərbaycan Milli Elmlər Akademiyasının vəzifələri haqqında olub.
Daha sonra iclasda Azərbaycan Prezidentinin "Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında" 28 yanvar 2026-cı il tarixli Sərəncamının icrası ilə bağlı AMEA-nın Tədbirlər planının təsdiq edilməsi məsələsinə baxılıb.
Müzakirələrdən sonra Rəyasət Heyətinin qərarı ilə Xaqani Şirvaninin 900 illik yubileyi ilə bağlı AMEA-nın Tədbirlər planı təsdiq edilib.
Daha sonra iclasda müzakirəyə çıxarılan məsələ Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə hazırlığın vəziyyəti və qarşıda duran vəzifələr haqqında olub.
Rəyasət Heyəti tərəfindən qeyd olunan tədbirlərin yüksək səviyyədə təşkili ilə bağlı müvafiq qərar qəbul edilib.
Eyni zamanda iclasda AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Yunanıstanın paytaxtı Afina şəhərində keçirilmiş Beynəlxalq Akademiyalar Birliyinin Təsis konfransında iştirakının yekunları haqqında məlumat dinlənilib.
Həmçinin akademik Tofiq Nağıyevin 85, akademik Faiq Bağırzadənin 100, AMEA-nın müxbir üzvü Oqtay Əfəndiyevin 100 və AMEA-nın müxbir üzvü Tofiq Əliyevin 75 illik yubileyi haqqında qərarlar qəbul edilib.
Lakin gözlənilənlərin əksinə olaraq, İsa Həbibbəyli Prezident Administrasiyasının keçmiş rəhbəri, bir sıra ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyündən xaric olunması məsələsini müzakirəyə çıxarmayıb. Amma bunun səbəbi məlum deyil.
"Yeni Sabah" məsələ ilə bağlı AMEA-nın Mətbuat xidməti ilə əlaqə saxlayıb. Akademiyadan bildirilib ki, R.Mehdiyev məsələsinin nə zaman müzakirəyə çıxarılacağını yalnız rəhbərlik bilir:
"Ramiz Mehdiyevin AMEA-dan çıxarılması ilə bağlı məsələ Rəyasət Heyətinin iclasında müzakirə olunmayıb. Bu iclasda müzakirə olunan məsələlər qurumun saytında xəbər olaraq dərc edilib. Ramiz Mehdiyevlə bağlı qərarın nə vaxt veriləcəyini yalnız rəhbərlik bilir. Biz sadəcə Mətbuat xidmətiyik".
Qeyd edək ki, AMEA Mətbuat xidməti fevralın 13-də R.Mehdiyevin akademiyadan xaric olunacağı barədə məlumat yayıb. Həmin məlumatda bildirilib:
"Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi Ramiz Mehdiyevin Akademiyanın həqiqi üzvlüyündən çıxarılması haqqında bir neçə dəfə qəti mövqeyini ifadə edib. Bir daha bildiririk ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dövlətə xəyanətdə, hakimiyyəti zorla ələ keçirməkdə ittiham olunan Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının üzvlüyündə qala bilməz.
Milli Elmlər Akademiyası Ramiz Mehdiyevin Akademiyanın həqiqi üzvlüyü məsələsinə baxıb, onu üzvlükdən xaric edəcək. Bu barədə ictimaiyyətə məlumat veriləcəkdir.
Milli Elmlər Akademiyasının kollektivi baş vermiş cinayət hadisələrini qətiyyətlə pisləyir və bağışlanmaz olduğunu bildirir".
Amma deyəsən AMEA rəhbərliyi hələlik R.Mehdiyevi bağışlayıb, əks halda Rəyasət Heyəti o qədər məsələ ilə yanaşı Prezident Administrasiyasının keçmiş rəhbərinin akademiyadan xaric olunmasına da baxardı. /Yenisabah.az/