Milli Qəhrəman Şükür Həmidovun şəhadətindən öncəki son fotosunun HEKAYƏSİ
Cəmiyyət
210
17:10, Bu gün

Milli Qəhrəman Şükür Həmidovun şəhadətindən öncəki son fotosunun HEKAYƏSİ

"Döyüş zamanı çəkdirdiyi bütün fotolarda fərqli bir məna var idi".

Moderator.az xəbər verir ki, bu sözləri Modern.az saytının "Şəhiddən qalan son foto" layihəsinə Milli Qəhrəman Şükür Həmidovun yoldaşı Könül Həmidova deyib.

O, Şükür Həmidovun son fotosundan bəhs edib.

Milli Qəhrəman Şükür Həmidovun şəhadətindən öncəki son fotosunun HEKAYƏSİ

Belə ki, sözügedən kadr 2020-ci il oktyabrın 22-də lentə alınıb.

Bu görüntü şəhidin xanımı Könül Həmidova üçün xatirələrin ən ağır və sükutlu səhifəsidir.

Həmin foto şəhadətindən cəmi bir neçə dəqiqə əvvəl qeydə alınan son baxışdır. O şəkil son vidadır.

Könül xanımın sözlərinə görə, Şükür Həmidov adətən öz şəklini çəkməyi sevməzdi. Lakin müharibə dövründə həm video, həm də foto çəkməsi onu xeyli düşündürüb. Sanki taleyinin bu məqamı ürəyinə damıbmış. Ehtimal ki, bu foto ilə ailəsinə və xalqına bir xatirə qoymaq niyyətində olub...

"Döyüş zamanı çəkdirdiyi bütün fotolarda fərqli bir məna var idi", - deyə Könül xanım bildirir.

"Lakin son şəkli tamamilə başqa idi. Həmin şəkildə Şükürün simasında illərin yorğunluğu, gözlərində isə əbədi ayrılığın kədəri sezilir. O şəkil sanki danışır. Dilinə gətirə bilmədiklərini baxışları ifadə edir. Hər dəfə o fotoya nəzər salanda düşünürəm. Doğrudanmı Şükür həmişəlik ayrılacağını hiss etdiyi üçün döyüşün ən şiddətli məqamında son dəfə özünü çəkdi? Belə bir təsadüf olarmı?" - cavabı tapılmayan suallar insanın ömrünə hakim kəsilir.

Şükür Həmidov 1975-ci il aprelin 1-də Qubadlı rayonunun Armudluq kəndində anadan olub. Vətən torpağına sevgi ilə böyüyüb. 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda göstərdiyi qəhrəmanlıq onun adını zəfər salnaməsinə yazdırıb. Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə ona "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

2020-ci il oktyabrın 22-də isə Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Vəfatından sonra "Zəfər" ordeni, "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub. Lələtəpə əməliyyatındakı şücaətinə görə vaxtından əvvəl polkovnik rütbəsinə layiq görülüb.

Lakin bütün orden və medallardan daha ali bir məqam var ki, bu da şəhidlikdir.

Şükür Həmidovun son kadrında bir xalqın taleyi əks olunub. Çox qəribədir, tarix kitabları adətən qalın olur. Bəzən isə bir şəkil cildlərlə tarix kitabından daha çox hadisəni nəql edir. Şükür Həmidovun son fotosu kimi...

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər