Yanğın var, çıxış yox: Hündürmərtəbəli binaların SƏSSİZ TƏHLÜKƏSİ
Cəmiyyət
439
17:58, Bu gün

Yanğın var, çıxış yox: Hündürmərtəbəli binaların SƏSSİZ TƏHLÜKƏSİ

Son illərdə hündürmərtəbəli yaşayış binalarında baş verən yanğın hadisələri zamanı insanların təhlükəsiz şəkildə təxliyə olunmasında ciddi problemlər yaranır.

Xüsusilə də fövqəladə hallarda alternativ çıxış yollarının olmaması, xarici metal pilləkənlərin ləğvi və layihələrdə təhlükəsizlik standartlarının lazımi səviyyədə nəzərə alınmaması bu problemin daha da dərinləşməsinə səbəb olur. Əvvəllər, xüsusilə sovet dövründə tikilmiş 5 və 9 mərtəbəli binaların əksəriyyətində həm blokların içində, həm də bina kənarlarında əlavə metal pilləkənlər mövcud idi. Bu pilləkənlər yanğın zamanı əsas çıxış yolları bağlandıqda insanların təhlükəsiz şəkildə binanı tərk etməsinə imkan verirdi. Lakin müasir dövrdə inşa olunan yaşayış komplekslərinin böyük hissəsində bu cür konstruksiyalar artıq tətbiq edilmir.

Moderator.az xəbər verir ki,mövzu ilə bağlı nocomment.az-a danışan təhlükəsizlik eksperti Elmar Nurəliyev bildirib ki, yeni tikililərdə xarici pilləkənlərin olmaması bir neçə amillə bağlıdır.

Onun sözlərinə görə, əsas səbəblərdən biri memarlıq estetikasına həddindən artıq önəm verilməsidir:

“Müasir binalar daha çox vizual görünüşə görə layihələndirilir və metal pilləkənlər fasadın görüntüsünü “korlayan” element kimi qəbul olunur. Nəticədə təhlükəsizlik məsələləri ikinci plana keçirilir.

Digər mühüm səbəb tikinti şirkətlərinin xərcləri minimuma endirməyə çalışmasıdır.

Xarici yanğın pilləkənlərinin quraşdırılması əlavə maliyyə tələb edir və bəzi şirkətlər bu məsrəfdən yayınmaq üçün layihələrdə onları nəzərdə tutmur. Halbuki bu pilləkənlər fövqəladə hallarda onlarla insanın həyatını xilas edə bilər. Təhlükəsizlik tədbirlərinə qənaət etmək gələcəkdə daha ağır nəticələrə səbəb ola bilər”.

Onun fikrincə, müasir binalarda yanğın təhlükəsizliyi əsasən daxili pilləkən qəfəslərinə və lift şaxtalarının izolyasiyasına bağlanır:

“Lakin yanğın zamanı tüstünün sürətlə yayılması bu yolları da yararsız hala sala bilir.

Belə hallarda alternativ çıxış yolunun olmaması insanların yuxarı mərtəbələrdə çıxılmaz vəziyyətdə qalmasına səbəb olur. Xarici metal pilləkənlər isə məhz bu riskin qarşısını almaq üçün nəzərdə tutulmuşdu.

Bəzi yeni tikililərdə yanğın pilləkənləri mövcud olsa da, onlar ya kilidli olur, ya da anbar kimi istifadə edilir. Bu isə fövqəladə vəziyyətdə həmin çıxışların faktiki olaraq əlçatmaz olması deməkdir”.

Ekspertin sözlərinə görə, təhlükəsizlik sistemlərinin yalnız kağız üzərində deyil, real istifadəyə hazır vəziyyətdə olması vacibdir:

“Problemin əsas səbəblərindən biri də nəzarət mexanizmlərinin yetərsizliyidir. Tikinti zamanı layihələr təsdiqlənsə də, sonradan onların icrasına lazımi səviyyədə nəzarət edilmir. Bəzi hallarda ilkin layihədə nəzərdə tutulan təhlükəsizlik elementləri tikinti prosesində ləğv edilir və ya dəyişdirilir. Bu da son nəticədə sakinlərin həyatını risk altına qoyur.

Dünya təcrübəsində hündürmərtəbəli binalarda bir neçə alternativ təxliyə yolu mütləq şəkildə nəzərdə tutulur. Bunlara yanğına davamlı xüsusi pilləkənlər, xarici çıxışlar, fövqəladə hallarda istifadə üçün açılan balkon sistemləri və xüsusi təhlükəsizlik platformaları daxildir. Azərbaycanda da bu standartların daha ciddi şəkildə tətbiq olunmasına ehtiyac var”.

Link kopyalandı!
Son xəbərlər