Çindən ölkəmizə poçt göndərişlərinin və bağlamaların çatdırılmasında müvəqqəti ləngimələrin, eləcə də fasilələrin olması ehtimal edilir.
Moderator.az-ın verdiyi məlumata görə, bu xəbərdarlığı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) yayıb.
Agentliyin açıqlamasına əsasən, Çində qeyd olunan bayramlarla əlaqədar olaraq fevral ayının 15-dən 23-nə qədər olan müddət rəsmi şəkildə qeyri-iş günləri hesab olunur.
"Sözügedən tarixlərdə Çin ərazisindəki anbarların böyük hissəsinin iş qrafikində məhdudiyyətlər tətbiq ediləcək. Bu səbəbdən də, bağlamaların Azərbaycana yola salınmasında müəyyən fasilələrin və gecikmələrin yaranması mümkündür. Daşıma və göndəriş proseslərinin bayram günləri bitdikdən sonra mərhələli şəkildə əvvəlki qaydada bərpa ediləcəyi proqnozlaşdırılır. Vətəndaşlara sifarişlərini həyata keçirərkən bu amilləri diqqətə almaları məsləhət görülür", - deyə İKTA-nın bəyanatında vurğulanıb.