Bizi sosial şəbəkələrdən izləyin:
İşsiz vətəndaşların işsizlik sığortası ala bilməməsi cəmiyyətdə suallar doğurur. Bir çox hallarda işsizlik sığortası ilə işsizlik müavinəti anlayışları qarışdırılır və nəticədə sistemin əhatə dairəsi ilə bağlı yanlış gözləntilər formalaşır. Bəs niyə bütün işsizlər bu ödənişdən yararlana bilmir?
Mövzu ilə bağlı konkret.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, işsizlikdən sığorta sistemi bütün işsizləri əhatə etmək üçün deyil. Bu sistem sığorta prinsipi əsasında qurulub.
Onun sözlərinə görə, işsizlik sığortası işsizlik müavinəti ilə eyni anlayış deyil:
“İşsizlikdən sığorta haqqında qanun elə formada qəbul edilib ki, bütün işsizlər bu ödənişi ala bilmir. Bunun mahiyyəti ondan ibarətdir ki, şəxs işlədiyi dövrdə İşsizlikdən Sığorta Fonduna ödəniş etməlidir. Bu halda işsiz qalanda həmin sığortanı ala bilər. Bu, işsizlik müavinəti deyil. İşsizlik sığortası işləyən şəxslərin işsiz qalması zamanı ödənilən resursdur”.
İqtisadçı qeyd edib ki, sistem sığorta mexanizmi üzərində qurulduğu üçün yalnız rəsmi qaydada çalışan və fonda ödəniş edən şəxslər bu hüquqdan yararlana bilər. Onun sözlərinə görə, ödənişlərin məbləği də əvvəlki əməkhaqqına uyğun hesablanır və müəyyən hallarda indeksasiya olunur.
Beləliklə, rəsmi məşğulluğu və sığorta ödənişi olmayan şəxslər işsizlik sığortası ala bilmirlər ki, bu da bütün işsizlərin sistemdən yararlana bilməməsinə səbəb olur.