Bizi sosial şəbəkələrdən izləyin:
"Prezident cənab İlham Əliyevin imzaladığı yeni “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam 1,1 milyon pensiyaçının sosial müdafiəsinin gücləndirilməsində növbəti irəliləyişə imkan yaradır və onların, yəni yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya alan insanlarımızın rifahına daha bir dəstəkdir".
Moderator.az xəbər verir ki, bunu dövlət başçısının yeni Sərəncamı ilə pensiyaların indeksləşdirilərək artırılmasına dair keçirilən brifinqdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev vurğulayıb.
Nazir müavini Sərəncamla bütün pensiyaların 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun olaraq bu il yanvarın 1-dən 9,3 faiz indeksləşdirilməklə artırıldığını qeyd edib.
Nazir müavini əlavə edib ki, pensiyaların təyinatı kimi, pensiyalarda bu artım da proaktiv qaydada, pensiyaçıların müraciətinə və sənəd təqdim etmələrinə ehtiyac olmadan, e-sistem üzərindən avtomatik həyata keçirilir:"Yeni pensiya artımları üçün illik əlavə olaraq 640 milyon manat vəsait ayrılıb. İndeksasiya üzrə yeni artım 2025-ci il üzrə inflyasiya dərəcəsini üstələyir".