Konstitusiyaya zidd olan ikili vəzifə: Deputat Eldar Quliyevin rektorluğu niyə davam edir?
Cəmiyyət
128
18:36, Bu gün

Konstitusiyaya zidd olan ikili vəzifə: Deputat Eldar Quliyevin rektorluğu niyə davam edir?

Ölkəmizdə parlament üzvünün eyni zamanda rektor kimi fəaliyyət göstərməsi qanunvericiliklə qadağan olunsa da, hazırda bu qaydaya riayət etməyən yeganə deputat Eldar Quliyevdir.

Moderator.az "Qafqazinfo"ya istinadla bildirir ki, 75 yaşlı Eldar Quliyev deputatlıq fəaliyyəti ilə yanaşı, Azərbaycan Kooperasiya Universitetinin rektoru vəzifəsini də icra edir.

Bu fakt ali təhsil müəssisəsinin rəsmi internet səhifəsində də öz əksini tapıb. Bundan əlavə, universitetin mətbuat xidməti də E.Quliyevin hazırda rektor vəzifəsində çalışdığını təsdiqləyib. Hüquqi baxımdan məsələnin mahiyyəti ondadır ki, Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsində Milli Məclis üzvlüyünə namizədlər üçün konkret tələblər yer alıb. Həmin tələblərə əsasən, deputat mandatı ilə digər vəzifələrin birgə icrasına dair məhdudiyyətlər mövcuddur.

Konstitusiyaya zidd olan ikili vəzifə: Deputat Eldar Quliyevin rektorluğu niyə davam edir?

Belə ki, rektorluq inzibati və icraedici səlahiyyətləri ehtiva edən vəzifə sayıldığından, onun deputatlıq fəaliyyəti ilə paralel həyata keçirilməsi qanunvericiliyin prinsiplərinə ziddir.

Eldar Quliyevin eyni vaxtda həm qanunverici orqanda təmsil olunması, həm də universitet rektoru kimi çalışması qanunların tətbiqi ilə bağlı müxtəlif sualların yaranmasına səbəb olur. Mövzu ilə əlaqədar Eldar Quliyevin özü ilə əlaqə saxlayaraq fikirlərini öyrəndik.

Millət vəkili bildirdi ki, rəhbərlik etdiyi Kooperasiya Universiteti kiçik həcmli və özəl təhsil ocağı olduğu üçün onun orada rektorluğu davam edir:

"Zamanında dövlət universitetlərinin rektorları deputat olmaq istədikdə seçim qarşısında qalmışdılar. Bizdə isə müəssisə özəl olduğu üçün hər hansı irad bildirilməyib".

Yaranmış vəziyyətlə bağlı Milli Məclisin İntizam Komissiyasının sədr müavini Asim Mollazadədən də münasibət öyrənilib.

O, qeyd edib ki, sözügedən məsələ İntizam Komissiyasında indiyədək müzakirə olunmayıb:

"Bəli, qanunvericiliyə görə deputatın rektor kimi fəaliyyəti qadağandır. Lakin məndə olan məlumata görə, Eldar müəllim rektorluqdan imtina edib və orada sadəcə Şura sədri funksiyasını yerinə yetirir, rektor deyil. Ola bilsin ki, universitet tərəfindən sizə yanlış məlumat verilib. Bizdəki bilgiyə əsasən, Eldar müəllim rektor vəzifəsini daşımır. Əgər məlumat dəqiqdirsə belə, İntizam Komissiyasında bu mövzunun müzakirəsi haqda heç nə deyə bilmərəm. Məndə bu haqda informasiya yoxdur. Olmayan bir şeyi necə müzakirə etmək olar?!"

Xatırladaq ki, əvvəlki illərdə parlament seçkilərinə qatılan bir çox tanınmış şəxs məhz bu səbəbdən seçim etmək məcburiyyətində qalıb. Məsələn, vaxtilə Dillər Universitetinin rektoru Səməd Seyidov, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abiyev və Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev deputatlığa namizəd olarkən qərar verərək ya deputat mandatına üstünlük veriblər, ya da fəaliyyətlərini rektor kimi davam etdiriblər.

Məlumat üçün bildirək ki, E.Quliyev Milli Məclisin II, III, IV, V, VI və VII çağırışlarında deputat seçilib. Hazırda parlamentin Hesablayıcı komissiyasının sədri vəzifəsini tutur. O, həmçinin 2020-ci ildə Azərbaycan Ağsaqqallar Şurasının sədri seçilib.

Link kopyalandı!
Son xəbərlər