Azərbaycana benzin və dizel maşınların idxalı QADAĞAN EDİLƏCƏK? - VACİB AÇIQLAMA
Cəmiyyət
303
18:45, Bu gün

Azərbaycana benzin və dizel maşınların idxalı QADAĞAN EDİLƏCƏK? - VACİB AÇIQLAMA

“Efiopiyanın benzin və dizel avtomobillərinin idxalını qadağan etməsi ilə bağlı qərarının Azərbaycanda da gündəmə gətirilməsi real görünmür”.

Moderator.az xəbər verir ki, bu fikri nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov KONKRET.az-a açıqlamasında səsləndirib.

Ekspertin sözlərinə görə, müxtəlif ölkələrin, istər Afrika dövlətləri, istər ABŞ, istərsə də digər regionların qəbul etdiyi qərarları Azərbaycan eyni ardıcıllıqla və formada tətbiq edə bilməz. O qeyd edib ki, burada əsas amillər coğrafi mövqe, iqlim şəraiti və mövcud infrastrukturla bağlıdır.

Aslan Əsədov vurğulayıb ki, hazırda Azərbaycanda istismar olunan nəqliyyat vasitələrinin təxminən 80 faizi benzin və dizel kimi ənənəvi yanacaq növləri ilə işləyir:

“Bu reallıq fonunda benzin və dizel avtomobillərinin birdən-birə ləğv edilməsi mümkün deyil. Biz yalnız alternativ yanacaq növlərinin inkişafı və perspektivi barədə düşünə bilərik”.

Ekspertin fikrincə, nəqliyyat vasitələrinin rentabelliyini artırmaq və avtomobil parkının yaşını azaltmaq məqsədilə elektromobillərin və onlara bərabər tutulan nəqliyyat vasitələrinin idxalı, alışı və satışı üçün müəyyən güzəştlər tətbiq olunmuşdu. Lakin bu güzəştlərin müddəti artıq başa çatıb.

Aslan Əsədov hesab edir ki, bu sahədə perspektivlər yenidən araşdırılmalı, uyğun mexanizmlər müəyyənləşdirilməlidir:

“Əks halda zamana uduza bilərik. Hansı prosedurlardan istifadə edə biləcəyimizi indidən öyrənməliyik”.

Ekspert sonda bildirib ki, yaxın 10 il ərzində Azərbaycanda benzin və dizel yanacaqlarının tam ləğv edilərək elektromobillərin kütləvi şəkildə tətbiq olunacağı real görünmür.

Link kopyalandı!
Son xəbərlər