Maaşımızdan tutulan pullar hara və necə gedir? - AÇIQLANDI
Cəmiyyət
232
11:35, Bu gün

Maaşımızdan tutulan pullar hara və necə gedir? - AÇIQLANDI

2026-cı ildən etibarən Azərbaycanda əməkhaqqı hesablamaları yenidən gündəmə gəlib. Qeyri-neft-qaz sektorunda tətbiq edilən müddətli gəlir vergisi güzəştlərinin başa çatması maaşlardan tutulan məbləğlərə diqqəti artırıb.
 
Bu fonda həm dövlət, həm də özəl sektorda çalışanların maaşından hansı tutulmaların aparıldığı və işçinin əlində faktiki olaraq nə qədər vəsaitin qaldığı cəmiyyətdə əsas müzakirə mövzularından birinə çevrilib.
 
Qüvvədə olan qanunvericiliyə görə, Azərbaycanda muzdla çalışan işçilərin əməkhaqqından bir neçə növ tutulma aparılır. Bunlara gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı daxildir.
 
Moderator.az bildirir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın xatırladıb ki, yuxarıda sadalanan gəlir vergisi dövlət büdcəsinə ödənilir, sosial sığorta haqları işçinin pensiya kapitalının formalaşmasına və sosial təminat hüquqlarının yaranmasına xidmət edir. Digər tutulmalar isə işsizlik və səhiyyə sahəsində dövlət təminatının maliyyələşdirilməsi məqsədi daşıyır.
 
Ekspert məsələnin daha aydın anlaşılması üçün dövlət sektorunda çalışan bir işçinin maaşı üzərindən hesablamaya diqqət çəkib:
 
"Tutaq ki, Əhməd adlı vətəndaş dövlət sektorunda çalışır və aylıq əməkhaqqı 1 200 manatdır. Vergi Məcəlləsinə uyğun olaraq onun maaşının 200 manatlıq hissəsi gəlir vergisindən azad olunur. Bu halda vergiyə cəlb olunan məbləğ 1000 manat təşkil edir.
 
Vergiyə cəlb olunan 1000 manatın 14 faizi 140 manat edir. Bundan əlavə, maaşdan 3 faiz məcburi dövlət sosial sığorta haqqı (36 manat), işsizlikdən sığorta üçün 0,5 faiz (6 manat) və icbari tibbi sığorta üçün 2 faiz (24 manat) tutulur. Nəticədə Əhmədin maaşından ümumilikdə 206 manat çıxılır və onun əlində qalan xalis əməkhaqqı 994 manat olur.
 
Aylıq əməkhaqqı - 1 200 manat;
Vergiyə cəlb olunan məbləğ - (1200 - 200) × 14 % = 140;
DSMF ayırmaları - 1 200 × 3 % = 36;
İşsizlikdən sığorta haqqı - 1 200 × 0.5 % = 6;
İcbari tibbi sığorta haqqı - 1 200 × 2 % = 24;
 
İşçiyə çatacaq əməkhaqqı - 1 200 - (140 + 36 + 6 + 24) = 994 manat".
 
İqtisadçı daha sonra qeyri-neft-qaz sahəsində özəl sektorda çalışan işçinin maaşı üçün hesablama aparıb:
 
"Məsələn, İbrahim adlı vətəndaş özəl sektorda çalışır və onun aylıq əməkhaqqı 950 manatdır. 2026-cı ildən etibarən bu kateqoriyaya aid aylıq gəlirlərə 3 faiz gəlir vergisi tətbiq edilir. Bu səbəbdən İbrahimin vergiyə cəlb olunan gəliri 750 manat təşkil edir və bunun 3 faizi 22,5 manatdır.
 
Özəl sektorda məcburi dövlət sosial sığorta haqqı fərqli qaydada hesablanır. Maaşın ilk 200 manatı üçün 3 faiz (6 manat), qalan 750 manatı üçün isə 10 faiz (75 manat) tutulur. Beləliklə, ümumi sosial sığorta haqqı 81 manat təşkil edir. Bundan əlavə, işsizlikdən sığorta üçün maaşın 0,5 faizi (4,75 manat) və icbari tibbi sığorta üçün 2 faizi (19 manat) tutulur. Nəticədə İbrahimin maaşından ümumilikdə 127,25 manat çıxılır və onun əlində qalan xalis əməkhaqqı 822,75 manat olur.
 
Aylıq əməkhaqqı - 950 manat;
Vergiyə cəlb olunan məbləğ - (950 - 200) × 3 %= 22.5;
DSMF ayırmaları - (200 × 3 %) + (750 × 10 %) = 6 + 75 = 81;
İşsizlikdən sığorta haqqı - 950 × 0.5 % = 4.75;
İcbari tibbi sığorta haqqı - 950 × 2 % = 19;
 
İşçiyə çatacaq əməkhaqqı - 950 - (22.5 + 81 + 4.75 + 19) = 822.75 manat".
 
Link kopyalandı!
Son xəbərlər