Azərbaycanda əlilliyin müəyyən edilməsində süni intellektdən istifadə olunacaq
Cəmiyyət
375
13:30, Bu gün

Azərbaycanda əlilliyin müəyyən edilməsində süni intellektdən istifadə olunacaq

"2026-cı ildə görüləcək işlər arasında süni intellektlə bağlı planlar nəzərdə tutulub. Həm vətəndaşlar, həm də daxili proseslərin rəqəmsallaşması üçün planlaşdırılan məsələlər var".
 
Moderator.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov fevralın 5-də keçirilən mətbuat konfransında məlumat verib.
 
O bildirib ki, əlilliyin müəyyən edilməsi ilə bağlı süni intellekt həllərinin tətbiqi nəzərdə tutulur. Burada məqsəd həkimlərə və sürətli qərarvermə prosesinə dəstək göstərməkdir.
 
“Həmçinin məcburi dövlət sosial sığorta haqqı hesabına verilən 4 müraciət proaktiv şəkildə təqdim ediləcək. Bununla bağlı hazırda işlər aparılır. Bildiyimiz kimi, dövlət işçilərinin istehsalatda bədbəxt hadisələrdən sığortalanması ilə bağlı fəaliyyət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin funksiyalarına əlavə edilib. Hazırda həmin sistemin qurulması ilə bağlı işlər həyata keçirilir. Martdan həmin sistem istifadəyə veriləcək və dövlət qurumlarında çalışan şəxslər sığorta məbləğləri ilə tanış ola biləcəklər. Eləcə də sığorta ödənişləri ilə bağlı məlumatlar və onların ödənişlərinin həyata keçirilməsi həmin sistem üzərindən həyata keçiriləcək. Nəzərdə tutulan məsələlərdən biri də əməyin mühafizəsi ilə bağlı bölmənin yaradılmasıdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq sistemdə funksionallıqlar yaradılacaq. Ezamiyyə vərəqlərinin elektronlaşdırılması ilə bağlı həm hüquqi bazanın təkmilləşdirilməsi, həm də funksionallığın yaradılması nəzərdə tutulub. Eləcə də kadr anketi və CV funksionallığının yaradılması planlaşdırılır. Burada vətəndaşlara bir neçə CV dizaynı təqdim edəcəyik. Həmin CV-ləri pdf formasında QR kod və barkodla istədikləri işəgötürənə təqdim edə bilərlər”, - deyə mərkəzinin direktoru vurğulayıb.
 
Kənan Əkpərov diqqətə çatdırıb ki, nazirliyə daxil olan vətəndaş müraciətlərinin cavablarının süni intellekt vasitəsilə hazırlanması əməkdaşlara daha sürətli cavab vermək imkanı verəcək.
Link kopyalandı!
Son xəbərlər