Kollecə qarşı rüşvət və saxtakarlıq ittihamı - VİDEO
Cəmiyyət
208
16:40, Bu gün

Kollecə qarşı rüşvət və saxtakarlıq ittihamı - VİDEO

Bakı Texniki Kollecində tələbələrdən yüksək qiymət yazılması müqabilində pul tələb olunması ilə bağlı sosial şəbəkələrdə iddialar yayılıb.

Moderator.az xəbər verir ki, tələbələrdən birinin Bizim.media-ya bildirdiyinə görə, onlar qiymətlərini öyrənmək istəyərkən kollecin Nəqliyyat və logistika şöbəsinin müdiri Elçin Haqverdiyev şöbəyə gəlmələrini və pul vermələrini tələb edib.

"Kollecdə sistemli şəkildə imtahanlarla bağlı rüşvətxorluq və saxtakarlıq halları baş verir. Tələbələrdən yüksək qiymət yazılması üçün pul tələb olunur, verməyənlər qəsdən kəsilir. Rüşvət verən tələbələr əvvəlcə ayrı otaqda sual və cavabları yazır, imtahanın gedişində isə formal iştirak edirlər. Sonradan cavab vərəqləri dəyişdirilir və maksimum qiymət alırlar. Şöbə rəhbərliyi qiymət jurnalına birbaşa müdaxilə edir. Tələbələr öz qiymətlərini öyrənmək istəyəndə "şöbəyə gəlin" deyilir və orada onlardan pul istənilir", - deyə iddialarda qeyd olunub.

Mövzu ilə bağlı Bakı Texniki Kollecinin tədris işləri üzrə direktor müavini Cəlal Qardaşov açıqlamasında rüşvət iddialarını təkzib edib:

"Elə bir şey yoxdur. Tələbə gəncin o iddiası təsdiq olunmadı, amma digər məsələlər həll edildi. Tələbənin valideyni ilə də görüşdük. Tələbə qiymətini vaxtında öyrənə bilməyib. O da olan işdir".

Kollec rəsmisi bildirib ki, adıçəkilən şöbə müdiri Elçin Haqverdiyev işdən öz ərizəsi ilə çıxarılıb.

"Bəs əgər rüşvət halı yoxdursa, Elçin Haqverdiyev nə üçün işdən çıxıb" sualına C. Qardaşov belə cavab verib:

"Elçin Haqverdiyev tələbələrin qiyməti vaxtında elan olunmadığı üçün işdən çıxdı".

 

Link kopyalandı!
Son xəbərlər